00:00:00
Yazar
Admin User
06.02.2026 16:26 64 2 dəq oxuma
Siyasət

"Ukrayna ərazi güzəştlərinə razı olmayınca müharibə davam edəcək"

"Ukrayna ərazi güzəştlərinə razı olmayınca müharibə davam edəcək"

Fransa prezidenti Emmanuel Makronun baş diplomatı Emmanuel Bonne Rusiya rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə fevralın 3-də Moskvaya səfər edib. “Reuters” agentliyinin məlumatına görə, görüşlərdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun da Bonnun həmsöhbətləri sırasında olması gözlənilir. Təmasların əsas məqsədi Fransa ilə Rusiya arasında mövcud əsas məsələlər, xüsusilə, Ukrayna münaqişəsi üzrə dialoqun qurulmasıdır.


Mövzu ilə bağlı politoloq Maksim Yali “İnformator.az”a açıqlamasında bildirib ki, Emmanuel Bonnun Moskva səfəri Avropa və ABŞ arasındakı mövcud siyasi balansı dəyişməyəcək:

 

“Bu səfər Avropa və ABŞ ilə münasibətlərdə balansı dəyişməyəcək. Çünki Tramp Avropanın mövqeyini nəzərə almır və Avropanın Rusiya ilə danışıqlarda iştirakını istəmir. Əslində, Makronun müşavirinin Kiyevə və Moskvaya səfərinin əsas məqsədi gələcək mümkün sülh razılaşmasının şərtləri üzrə danışıqlarda iştirak etməkdir. Bu, həm də Rusiya ilə Avropa arasında gələcək danışıqlarda balansın və Avropanın təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələ hazırda prioritetdir. Prezident Makron Avropa İttifaqının təhlükəsizlik məsələlərində ən mühüm rol oynayan ölkəsinin lideridir. Bu səbəbdən o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başlamağa hazırdır. Müzakirə olunan mümkün telefon danışığı da bunun göstəricisidir. Makron bu danışığın baş tuta biləcəyini açıq şəkildə qeyd edib. Məhz buna görə də onun müşaviri Moskvaya gəlib ki, mümkün telefon danışığının gündəliyini müzakirə etsin və hər hansı razılaşmanın əldə olunmasının mümkün olub-olmadığını müəyyənləşdirsin. Bu təmaslar Ukraynadakı münaqişənin gedişinə təsir etməyəcək. Çünki Rusiya bu müharibəni dayandırmaq istəmir. Bu, Vladimir Putinin iddiaları ilə də təsdiqlənir. Sergey Lavrov son açıqlamalarında bildirib ki, Rusiya Ukraynanın və digər dövlətlərin işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasına razılıq verməsini istəyir və ərazi məsələləri üzrə heç bir müzakirə aparmaq niyyətində deyil. Bu səbəbdən, yaxın və orta perspektivdə münaqişənin sona çatacağına dair heç bir real perspektiv görmürəm. Ukrayna prezidenti Volodimir Zelenski də son açıqlamalarında bildirib ki, müharibə bir il ərzində bitsə, bunu müsbət nəticə hesab edər. Lakin Ukrayna tərəfi üçün ərazi güzəştləri qəbuledilməzdir. Halbuki Rusiya üçün əsas şərt məhz bu ərazi məsələsidir”.

 

Politoloq qeyd edib ki, diplomatiyada əsas prinsip bütün məsələlər üzrə razılığın əldə olunmasıdır və bu baş vermədikcə danışıqlar nəticəsiz qalacaq:

 

“Diplomatiyada əsas qayda var: əgər bütün məsələlər üzrə razılıq əldə olunmursa, heç bir razılaşma baş tutmur. Ərazi məsələsi gündəmdə olduğu və Ukrayna ərazi güzəştlərinə razı olmadığı müddətdə bu müharibə davam edəcək. Buna görə də, hazırkı sülh danışıqları və diplomatik təşəbbüslər ciddi nəticələr verməyəcək”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər