00:00:00
Yazar
Güllər Gülhüseynova
08.09.2026 19:51 85 3 dəq oxuma
Siyasət

Ukrayna-Rusiya müharibəsində yaxın zamanda atəşkəs ehtimalı zəifdir-Ekspert

Ukrayna-Rusiya müharibəsində yaxın zamanda atəşkəs ehtimalı zəifdir-Ekspert

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında möhkəm və davamlı sülhə nail olmaq üçün bütün səylərini göstərir.

 

Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva və Kiyevə səfərlərinin yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın xüsusi elçilərinin Moskvada və Kiyevdə keçirdiyi görüşlər Ukrayna-Rusiya müharibəsində sülhə doğru əhəmiyyətli bir irəliləyişlə nəticələnməyib:

 

“Əslində, əvvəlcədən də gözlənilirdi ki, münasibətlərin həddindən artıq gərgin və tərəflər arasında qarşılıqlı inamsızlığın hökm sürdüyü bir şəraitdə ciddi nəticə əldə etmək mümkün olmayacaq. Danışıqların və görüşlərin bərpa olunması faktı isə özlüyündə əhəmiyyətlidir. Çünki Ukrayna və Rusiya arasında, Amerikanın iştirakı ilə üçtərəfli danışıqlar formatı təxminən altı ay əvvəl fasilə verib. ABŞ-nin İran müharibəsi ilə əlaqədar martın əvvəllərindən etibarən bu formatda danışıqları, demək olar ki, dayandırılmışdı. Amerikanın vasitəçiliyi ilə danışıqların yenidən bərpa olunması müsbət hal olsa da, bu görüşlər hələlik konkret nəticəyə gətirib çıxarmayıb. Əslində, danışıqlardan ciddi nəticə gözləmək də çətin idi. Çünki tərəflərdən heç biri müzakirə olunan kompromislərə getmək istəmir. Ukraynadan əsasən ərazi məsələsində güzəştlər tələb olunduğu halda, Rusiyadan hansı konkret kompromislərin tələb edildiyi aydın deyil. Belə bir şəraitdə Ukraynanın ərazi məsələsində güzəştə getməsi mümkünsüz görünür. Bununla belə, üçtərəfli danışıqların format olaraq bərpa edilməsi müsbət haldır. Xüsusilə liderlər səviyyəsində görüşün gələcəkdə keçirilməsi ilə bağlı ideyanın gündəmə gətirilməsi əhəmiyyətlidir. Baxmayaraq ki, hazırkı mərhələdə Ukrayna, Rusiya və ABŞ liderlərinin üçtərəfli görüşünün praktiki olaraq reallaşması hələlik mümkünsüz görünür. Danışıqların bərpa olunması müsbət məqam olsa da, prosesdə narahatlıq doğuran digər məsələ Avropanın kənarda saxlanılmasıdır. Halbuki Avropa bu müharibənin aktiv tərəflərindən biridir və onun danışıqlar prosesindən uzaq tutulması hadisələrin inkişafının xeyrinə işləmir”.

 

Siyasi şərhçi həmçinin onu da qeyd edib ki, Kiyevdə keçirilən görüşlərin üçüncü raundunda Almaniya, Fransa və Böyük Britaniyanın təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndələrinin də iştirak etməsi Ukraynanın planı ola bilər:

 

“Əgər Tramp administrasiyasının və Rusiyanın əvvəldən Avropanı bu danışıqlara cəlb etmək niyyəti olsaydı, Moskva görüşlərində də Avropa ölkələrinin iştirakını təmin edərdilər. Bu məqam belə bir ehtimala əsas verir ki, hazırda Ukrayna məsələsi ilə bağlı ABŞ və Rusiya arasında müəyyən gizli danışıqlar da aparılır. Bu cür gizli danışıqlar isə həm Ukraynanı, həm də Avropa ölkələrini narahat edir. Ona görə də qarşılıqlı inamsızlığın bu qədər yüksək olduğu bir şəraitdə ciddi nəticənin əldə olunması perspektivi zəifdir. Hətta üçtərəfli danışıqlar formatı bərpa olunsa belə, onun yaxın gələcəkdə müsbət nəticə verəcəyinə dair ciddi əsaslar görünmür. Ehtimallara görə, ən tez bu ilin sonuna qədər, hətta qış dövrü də daxil olmaqla, müharibənin dayanması və atəşkəsə nail olunması belə mümkün görünmür. Təhlillər onu da göstərir ki, tərəflər bu danışıqlara real nəticə əldə etməkdən daha çox taktiki gediş kimi yanaşırlar. Aydın məsələdir ki, Rusiya bu üçtərəfli danışıqlarda iştirak etməklə Avropanı prosesdən uzaqlaşdırmağa və Avropa ilə ABŞ arasında Ukrayna məsələsində müəyyən soyuqluq yaratmağa çalışır. Bu baxımdan, danışıqlar formatı Rusiyanın taktiki maraqlarına uyğun gəlir. ABŞ isə İran müharibəsində konkret nəticənin əldə olunmadığı və ölkədə seçkilərin yaxınlaşdığı bir dövrdə xarici siyasətdə, ən azı Ukrayna istiqamətində atılan addımlar fonunda müəyyən uğur görüntüsü yaratmağa çalışır. Bu isə daha çox daxili siyasi məqsədlərə hesablanmış taktiki addım təsiri bağışlayır”.

 

Güllər Gülhüseynova

#gündəm #ukrayna-rusiya #baki #zamanda #yaxın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər