00:00:00
Yazar
Güllər Gülhüseynova
17.02.2026 20:37 46 2 dəq oxuma
Siyasət Özəl

Ukraynanın Avropa İttifaqına sürətli üzvlüyü müzakirə olunur

Ukraynanın Avropa İttifaqına sürətli üzvlüyü müzakirə olunur

Hazırda Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli üzvlüyü ilə bağlı müzakirələr davam edir.

 

Bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Avropa Şurasının Baş katibi Alen Berse ilə birgə mətbuat konfransında bəyan edib.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı Ukraynanın Avropa İttifaqına qəbulunun tezləşdirilməsi üçün xüsusi bir sxem üzərində işləyir:

 

“Faktiki olaraq, Avropa İttifaqı üzrə 90-a yaxın mütəxəssis bu layihə üzərində fəaliyyət göstərir. Avropa İttifaqı nümayəndələrinin verdiyi məlumata görə, bu, təşkilatın ən ambisiyalı və ən möhtəşəm layihələrindən biri olacaq. Hazırda Avropa İttifaqı ilə Ukrayna arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və Ukraynanın Avropa İttifaqına üzvlüyünə qədər olan inteqrasiya prosesi intensiv şəkildə davam etdirilir. Baxmayaraq ki, Ukrayna ərazisinin 20 faizi Rusiya ordusu tərəfindən işğal olunub, bu proses dayanmayıb”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Avropa İttifaqı, Avropa Komissiyası və qurumun xarici əlaqələr üzrə strukturlarının təşəbbüsü ilə Rusiyanın Ukraynaya qarşı törətdiyi cinayətlərin sənədləşdirilməsi və hüquqi prosesin başlanması məsələsi də gündəmdədir:

 

“Bu mexanizm müəyyən mənada Nürnberq prosesinin modeli əsasında təklif olunub. Hətta Rusiyanın ali rəhbərliyinə, o cümlədən Prezident Vladimir Putinə qarşı da cinayət işi qaldırılıb. Bununla bağlı tərəflər arasında müzakirələr aparılıb. Baş katibin Ukraynaya səfəri çərçivəsində əsas iki məsələ diqqət mərkəzində olub. Birincisi, Ukraynanın Avropa İttifaqına inteqrasiyası prosesi, ikincisi isə Rusiya rəhbərliyinin və hərbi qüvvələrinin Ukraynaya qarşı törətdiyi cinayətlərin qeydiyyata alınması və bu istiqamətdə hüquqi prosedurların başlanması məsələsi. Bu mövzular həm Avropa Komissiyası, həm Avropa Şurası, həm də Avropa İttifaqının xarici məsələlər üzrə qurumları səviyyəsində müzakirə edilib”.

 

“Avropa İttifaqının hazırda Ukrayna qarşısında qoyduğu əsas şərtlərdən biri korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Bildiyiniz kimi, Ukraynada bir sıra cinayət işləri üzrə araşdırmalar aparılır və bu proseslərə Avropa İttifaqı tərəfindən davamlı nəzarət həyata keçirilir. Bu nəzarət və islahatların icrası bundan sonra da davam edəcək”,- deyə o, fikirlərini yekunlaşdırıb.

 

Güllər Gülhüseynova

#müzakirə #olunur #avropa #baki #ukraynanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər