00:00:00
Yazar
Admin User
16.12.2025 06:53 223 3 dəq oxuma
Media

“Ümid işığı hələ sönməyib”

“Ümid işığı hələ sönməyib”

Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli müasir Azərbaycan dramaturgiyasında sosial və mənəvi problemlərə toxunan müəlliflərdəndir. Onun son dövr yaradıcılığına aid olan “Ümid işığı” pyesi gəncliyin üzləşdiyi ailə dəyərləri və vicdan anlayışını mərkəzə gətirən səhnə əsərlərindən biridir.

 

Zemfira Məhərrəmli “İnformator.az”a açıqlamasında bildirir ki, hər bir bədii əsər yazıçı üçün övlad kimidir və o, əsəri qələmə almamışdan əvvəl çatdırmaq istədiyi mesajı dəfələrlə düşünür, onu öz təfəkküründə saflaşdırır. Onun sözlərinə görə, “Ümid işığı” pyesi üzərində işləyərkən əsas məqsəd bugünkü gəncliyə cəmiyyət üçün faydalı, ləyaqətli vətəndaş olmağın vacibliyini aşılamaq olub:

 

 “İstədim ki, gənclər cəmiyyətin övladı kimi yetişsinlər, vətəninə, yurduna bağlı, ləyaqətli insanlar olsunlar. Eyni zamanda pul, mal-dövlət hərisliyinə qarşı nifrət oyatmaq, halal zəhmətlə yaşamağın dəyərini anlatmaq əsas niyyətim idi”.

 

 

Zemfira Məhərrəmli vurğulayır ki, vicdanla qazanılan həyat, sağlam ailə modeli və mənəvi məsuliyyət anlayışı pyesin əsas ideya xəttini təşkil edir. Müəllifin fikrincə, sevgi də bu dəyərlərdən ayrı düşünülməməlidir və ona oyun, əyləncə kimi yanaşmaq cəmiyyət üçün ciddi fəsadlar yaradır.

 

Yazıçı “Ümid işığı” pyesi əsasında eyniadlı tamaşanın Şuşa Dövlət Musiqili Dram Teatrında səhnələşdirilməsini yaradıcılığında mühüm hadisə kimi qiymətləndirir. O qeyd edir ki, quruluşçu rejissorun peşəkar yanaşması və aktyor ansamblının düzgün seçimi əsərin ideya-məzmun yükünün tamaşaçıya dolğun çatdırılmasına imkan verib.

 

Müəllif hesab edir ki, son dövrlərdə az müraciət edilən lirik-psixoloji dram janrında yazılmış bu əsər müasir gəncliyin saf məhəbbət və onu sınağa çəkən sosial maneələrlə mübarizəsini əks etdirir. Onun fikrincə, tamaşa müasir ailə institutunda mövcud olan ziddiyyətləri və bu ziddiyyətlərin yaratdığı fəsadları uğurla səhnəyə gətirə bilib.

 

Zemfira Məhərrəmli bildirir ki, teatr mütəxəssisləri tamaşaya yüksək dəyər verərək, dramaturji quruluşun, obrazların dolğunluğunun və sosial konfliktlərin təbii təqdimatını xüsusi vurğulayıblar. Hazırda tamaşanın repertuar əsəri kimi hər ay nümayiş etdirilməsi və hər dəfə yeni tamaşaçı auditoriyası qazanması müəllifi xüsusilə sevindirir.

 

Pyesin süjet xəttindən danışan müəllif qeyd edir ki, “Ümid işığı” Yalçın və Nərgizin saf sevgisi üzərində qurulub. Bu sevgi valideyn müdaxiləsi, üçüncü şəxslərin təsiri və yanlış seçimlər səbəbindən sınağa çəkilir. Yalçının yüngül əxlaqlı mühitə sürüklənməsi isə müasir dövrdə tez-tez rast gəlinən mənəvi aşınmanın simvolu kimi təqdim olunur:

 

“Bütün bu eybəcərliklərə qarşı çıxmaq istədim. Bəlkə bu pyesi oxuyan, tamaşaya baxan kimlərsə utanar, düşünər, nəticə çıxarar. Buna inanmaq istəyirəm”.

 

Rəqəmsal medianın dominant olduğu bir dövrdə ədəbiyyatın oxucu uğrunda mübarizədə uduzub-uduzmadığı məsələsinə də toxunan Zemfira Məhərrəmli hesab edir ki, bu, uduzmaq deyil, yeni mərhələyə keçiddir. Onun sözlərinə görə, sosial şəbəkələr yazılı mətbuatı üstələsə də, ədəbiyyat öz təsir gücünü itirməyib.

 

Müəllif publisistikanın müasir dövrdə də aktual olduğunu bildirərək vurğulayır ki, publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. O, publisist sözünün əsas məqsədinin insanları inandırmaq və hərəkətə gətirmək olduğunu xatırladaraq bu sahənin cəmiyyət üçün əhəmiyyətini önə çəkir.

 

Zemfira Məhərrəmli hesab edir ki, bu gün də publisistika həyat həqiqətlərini sənədli faktlara söykənərək əks etdirir və ictimai fikrin formalaşmasında mühüm rol oynayır. Məhz bu xüsusiyyətlər onu ədəbi növlər arasında daim ön planda saxlayır.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər