Universitet və kolleclərə sənəd qəbulu uzadılıb
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 6 mart saat 12:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlər DİM-in saytında şəxsi kabinet vasitəsilə elektron ərizəni doldurub təsdiqləməlidirlər. Sənədlərini komissiyada təsdiqlətməli olanlar isə həmin vaxta qədər müraciət etməlidirlər.
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, sənəd qəbulunun müddətinin uzadılmasının adətən müraciət edən abituriyentlərin sayının bir qədər artmasına səbəb olur:
“Bunun isə bir neçə əsas səbəbi var. Buraxılış imtahanında əlavə xarici dil və ya tədris dili seçimini dəyişmək ilə bağlı qərar verməkdə çətinlik çəkən və ya sənəd qəbulundan xəbərsiz olan abituriyentlər üçün əlavə imkan yaranır. Eyni zamanda dim.gov.az saytında və ya ödəniş terminalları və “online” ödəniş vasitələrində yaranan texniki problemlərlə üzləşənlər ərizəni yenidən doldurmaq imkanı əldə edir. Bundan başqa DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olmamasına görə bəzi abituriyentlər tələb olunan sənədləri şəxsən Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim etməklə elektron ərizələrini təsdiq edirlər. Tələb olunan sənədləri toplamaq müəyyən vaxt tələb etdiyi üçün sənədlərini komissiyada təsdiqlətməli olanlar üçün də əlavə vaxt verilməsi də ümumi sayın artmasına təsir edir. Bu səbəbdən vaxtın uzadılması qısa müddətli olsa belə, adətən yüzlərlə və ya minlərlə əlavə müraciətin qeydə alınmasına gətirib çıxara bilər”.
Ekspertin sözlərinə görə, abituriyentlər elektron ərizəni dolduran zaman bəzi vacib məqamlara diqqət etmir:
“Elektron ərizə doldurmadan əvvəl abituriyentlər özlərinə dim.gov.az saytında şəxsi kabinet yaradırlar. Elə bu proeses zamanı da bir neçə tipik səhvə yol verirlər. Faktiki yaşayış yeri, xarici dil seçimi, ali təhsil və ya orta ixtisas təhsilinin seçilməməsi, köhnə şəxsiyyət vəsiqəsinin məlumatlarının yeni əldə edilən vəsiqə məlumatları ilə yenilənməməsi, köhnə və ya aktiv olmayan mobil nömrənin dəyişdirilməməsi və sair qeyd etmək olar. Bəzən də abituriyent ərizəni doldurduqdan sonra ərizəni yadda saxlayır, lakin təsdiqləmək yaddan çıxır. SKQ-yə tələb olunan sənədlərin düzgün və ya natamam təqdim olunması halları da olur”.
Müsahibin sözlərinə görə, əvvəlki illərlə müqayisədə müraciətlərin sayında ümumilikdə artım müşahidə olunur:
“Çünki ali təhsil almaq istəyən gənclərin sayı artır və yeni ixtisasların yaranması, həmçinin plan yerlərinin artması da təşviq edir. Digər tərəfdən elektron müraciət sisteminin olması və qəbul prosesinin daha əlçatan olması da əsas faktorlardan biridir. Konkret artım faizi hər il üzrə müraciətlərin yekun statistikasından sonra dəqiqləşdirilir və adətən bunu Dövlət İmtahan Mərkəzi rəsmi olaraq açıqlayır”.
Mələk Hüseynova