Universitetlər diplom verir, yoxsa bacarıqsız kadrlar yetişdirir?
Son illərdə işəgötürənlərin ən çox səsləndirdiyi narazılıqlardan biri universitet məzunlarının real bacarıqlara malik olmamasıdır. Bir çoxları hesab edir ki, ali təhsil müəssisələri yalnız diplom verən struktura çevrilib.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov “İnformator.az”a açıqlamasında bildirib ki, universitet məzunlarının məşğulluğu hər il əvvəlki illərə nisbətən daha yaxşılaşır:
“Ümumi olaraq bakalavr məzunları son 10 ildə təxminən yarısı rəsmi əmək müqaviləsi ilə işləyir. Və bunların üzərinə biz xaricdə olanları, qeyri-məşğulları da daxil etsək bu 65-70% faizdir, amma ixtisaslara görə bu dəyişir. Qeyd etdiyim kimi bəzi universitetlərdə məzunların məşğulluğu daha yüksəkdir. Həm universitetə giriş balının yüksək olması, həm də universitetlərin biznes qurumlarının əməkdaşlığı buna əsas verir ki, tələbələr məzun olduqdan sonra öz bilik və bacarıqlarını əmək bazarında reallaşdıra bilir. Təbii ki, müəyyən universitetlər var ki, orada tədris proqramının iqtisadiyyatının əmək bazarına uyğunsuzluğu, təcrübə proqramlarının əskikliyi və s. problemlər məzunların məşğulluğunda var".
Həmçinin eskpert onu da qeyd edib ki, son illərdə bakalavr və magistr tədris proqramlarının yenilənməsi və yenilənmə prosesinə ekspertlərin də cəlbi alqışlanacaq bir addımdır:
“Bu il demək olar ki, universitetlərdə magistr proqramlarında təqdim olunan fənlər biznesin, iş dünyasının ehtiyacı olan fənlərdir. Sadəcə bu fənləri onların ehtiyacına uyğun şəkildə tədris əhəmiyyətlidir. Burada tədris prosesinə qurumlardan yüksək təcrübəyə malik ekspertlərin, əməkdaşların cəlbi də faydalı ola bilər. Magistr dissertasiyaları yazılarkən sənayenin konkret problemləri bazalanaraq müəyyənləşdirilə bilər və onun tətbiqi müəssisələrdə, sənayelərdə hansısa problemin həlli yönündə ola bilər”.
Çimnaz Telmanqızı
