Uşaq bağçasında kiçikhəcmli yanğın
Dekabrın 23-də Bakıda, Yasamal rayonu, Tağı Şahbazi küçəsində yerləşən 79 saylı körpələr evi-uşaq bağçasında elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri hadisənin qarşısını alıb və yayılmasının qarşısı alınıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Aidiyyəti qurumlar yanğının səbəblərini araşdırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, ümumiyyətlə, bütün təyinatlı obyektlər, istər insanların daha çox toplaşdığı ictimai məkanlar, istərsə də azyaşlıların olduğu müəssisələr yanğın təhlükəsizliyinə dair mövcud qanunvericilik, normativ sənədlər, təlimatlar və tövsiyələrə ciddi şəkildə əməl etməlidirlər:
"Bu, həm insanların həyatı, həm də əmlakın qorunması baxımından vacibdir. Yanğın hadisələrinin böyük əksəriyyəti məhz elektrik təsərrüfatında olan nasazlıqlardan qaynaqlanır. Bu səbəbdən obyektlərdə elektrik təsərrüfatı saz vəziyyətdə olmalı, normadan artıq yüklənməyə yol verilməməli, mütəmadi texniki baxış keçirilməlidir. Hər bir müəssisədə ilkin yanğınsöndürmə vasitələri ilə təminat təmin edilməli, həmin vasitələrin işlək vəziyyətdə saxlanılması mütəmadi nəzarətdə olmalıdır. Eyni zamanda, yanğın baş verdikdə tətbiq olunacaq təxliyə planı, xəbərdarlıq siqnalları, təhlükəsiz toplanma zonaları və cavabdeh şəxslərin funksiyaları əvvəlcədən müəyyən olunmalıdır. Yanğın təhlükəsizliyi üzrə rejim yaradılmalı və bütün işçilər bu rejimin tələblərinə uyğun davranmalıdır. Onlar bilməlidir ki, yanğının qarşısını necə almaq və hadisə baş verdikdə hansı addımları atmaq lazımdır. Bu məqsədlə vaxtaşırı maarifləndirmə və təlimatlar keçirilməlidir.
Unutmayaq ki, heç kim yanğın hadisəsindən sığortalanmayıb. Amma düzgün təhlükəsizlik tədbirləri və texniki təminatla bu cür fəlakətlərin qarşısını almaq, ən azı təsirlərini minimuma endirmək mümkündür".
Mövzu ilə bağlı saytımıza danışan valideyn Səma Mustafayeva bildirib ki, bu xəbəri eşidəndə istər-istəməz narahat olub:
"Uşaq bağçası valideynlərin övladlarını arxayınlıqla əmanət etdiyi yerdir və belə hadisələr insanı düşündürür. Şükür ki, bu dəfə xəsarət alan olmayıb, amma yenə də təhlükəsizlik tədbirlərinin nə dərəcədə ciddi nəzarətdə saxlanıldığı sual doğurur. Açığı, öz övladım olsaydı, onun gün ərzində nə qədər təhlükəsiz mühitdə olduğunu daha çox sorğulayardım. Düşünürəm ki, bağçalarda təhlükəsizlik məsələlərinə maksimum diqqət yetirilməli, valideynlər də bu mövzuda daha məlumatlı olmalıdırlar".
Aişə Mustafayeva
