00:00:00
Yazar
Admin User
25.12.2025 17:55 55 3 dəq oxuma
Sosial

Uşaqların texnologiyaya həddindən artıq bağlılığı

Uşaqların texnologiyaya həddindən artıq bağlılığı

 

Müasir uşaqların həyatı texnologiyasız təsəvvür edilməz olub. Smartfonlar, planşetlər və oyunlar onların gündəlik rutinini doldurur. Lakin bu artan maraq valideynlər və mütəxəssislər üçün narahatlıq doğurur, çünki uşaqların ekrana həddindən artıq bağlılığı davranışına və sağlamlığına təsir edə bilər.

 

"İnformator.az" olaraq, mövzu ilə bağlı bir neçə valideynin və mütəxəssisin fikirlərini öyrəndik.

Valideynlərdən biri Asudə Mirzəyevadır. O, övladına vaxt məhdudiyyəti tətbiq edir:

 

“Uşağım gündə təxminən 1–2 saat texnologiyadan istifadə edir. Əsasən təhsil məqsədli videolara və ya oyunlara baxır. Bu müddəti keçməməsi üçün vaxt məhdudiyyəti qoyuram və əməkdaşlıq şəklində qaydalar müəyyənləşdirmişik. Bəzən ekranı söndürmək istəməməsi və ya davam etmək istəyi ilə bağlı kiçik çətinliklər yaşanır, lakin alternativ fəaliyyətlər, oyun, gəzinti, kitab oxuma kimi təkliflərlə diqqətini yayındırmağa çalışıram. 

Uşağın texnologiyadan məsuliyyətli istifadə etməsi üçün valideynin nəzarəti, yaşa uyğun izahlar, özünün də qaydalara əməl etməsinin səbəblərini anlaması, həmçinin valideynin nümunə olması çox vacibdir. Hesab edirəm ki, texnologiya tam qadağan edilməməlidir, sadəcə doğru şəkildə yönləndirilməlidir”.


Digər valideyn Pərvanə Kərimli isə, övladının  texnologiyadan istifadəsini nəzarətdə saxlayır:

 

“Uşağımın texnologiyadan istifadəsini gündəlik nəzarətdə saxlayıram. Müəyyən vaxt çərçivəsi var və əsasən faydalı, öyrədici məzmunlara baxır. Bəzən ekrandan ayrılmaq istəmədiyi hallar olur, amma oyun, kitab oxuma və gəzinti kimi alternativlərlə bu prosesi balanslamağa çalışıram. Düşünürəm ki, uşağa texnologiyanı düzgün istifadə etməyi öyrətmək qadağadan daha effektivdir”.

 

Elza Rəhmanova da övladını məsuliyyətli istifadəyə yönəldir:


“Texnologiya uşağın həyatında artıq qaçılmazdır. Mən valideyn olaraq onu tam məhdudlaşdırmaq əvəzinə, məsuliyyətli istifadəyə yönəldirəm. Vaxt məhdudiyyəti, sadə qaydalar və izahlar bu işdə kömək edir. Uşaq qaydaların səbəbini anladıqda, texnologiyadan istifadəsi də daha sağlam olur”.

 

Psixoloq Qətibə Abdullayeva açıqlamasında texnologiyanın deyil, ondan yanlış istifadənin problem olduğunu bildirib:

 

“Texnologiyanın özü problem deyil. Problem onun yaşa uyğun olmayan, nəzarətsiz və həddindən artıq istifadəsi ilə bağlıdır. Ən çox risk altında olan yaş qrupu 0 - 6 yaşdır. Bu dövr beynin çox sürətli inkişaf etdiyi mərhələdir. Ekran ilk baxışda uşağı sakitləşdirir kimi görünsə də, əslində, onu real ünsiyyətdən uzaqlaşdırır və dil, həmçinin emosional inkişafına mənfi təsir göstərir.
7 - 12 yaş dövründə uşaqlar üçün əsas maraq mərkəzində oyunlar və videolar dayanır. Bu mərhələdə ekran qarşısında əldə edilən uğurlar və dopamin hissi önə çıxır. Halbuki, real həyatda səbir və qaydalara ehtiyac duyulur, bu da uşağın texnologiyaya asılılığını gücləndirir.
13 - 16 yaş aralığında isə sosial media, onlayn təsdiq və bəyənilmək ehtiyacı ön plana çıxır. Bu yaş qrupu emosional baxımdan ən həssas dövrdür. Nəticədə, sosial bacarıqlara və psixoloji inkişafa mənfi təsirlər yarana bilər. Hədindən artıq ekran istifadəsi,üzbəüz ünsiyyəti zəiflədir,empatiya və emosional uyğunlaşma bacarığını azaldır, səbirsizlik yaradır, aqressiv emosional partlayışlara səbəb ola bilər, uşaq real həyatda gözləməyi, uduzmağı, razılaşmağı öyrənə bilmir. Ekran qarşısında çox vaxt keçirən uşaqlarda bir sıra sağlamlıq problemləri də müşahidə edilə bilər: yuxu pozuntuları,göz yorğunluğu, baş ağrıları, düzgün duruşun formalaşmaması,artıq çəki riski, diqqət pozuntuları.
Xüsusilə yatmazdan əvvəl ekrana baxmaq beynin dincəlməsinə mane olur və yuxu hormonunun ifrazını azaldır. Valideynlər çox vaxt övladlarının texnologiyadan məsuliyyətli istifadə etməsi istiqamətində nə etməli olduqlarını bilmirlər. Bu sahədə bəzi prinsiplər tətbiq edilməlidir. Qadağa yox, qaydalar: tam qadağa gizli istifadəyə səbəb ola bilər. Qaydalar isə uşağın davranışını yönləndirir. Yaşa uyğun limitlər: 0-2 yaş: ekran tövsiyə edilmir. 2-6 yaş: gündə maksimum 30-60 dəqiqə.Məktəb yaşında isə dərsdən sonra məhdud və nəzarətli istifadə icazə edilə bilər. Alternativlər yaradılmalıdır: təkcə ekranı əlindən almaq kifayət deyil. Onun yerinə oyun, ünsiyyət və maarifləndirici fəaliyyətlər təklif olunmalıdır. Əks halda uşaq yenidən ekrana yönələcək. Valideyn nümunə olmalıdır: əgər valideyn özü daim telefondan istifadə edirsə, uşağa "baxma" deməsi təsirsiz qalacaq. Uşaq davranışla öyrənir”.

 


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər