Uzun müddət telefondan istifadə sağlamlığımıza necə təsir edir?
Smartfonlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. İş, təhsil, ünsiyyət və əyləncə üçün saatlarla telefon qarşısında qalırıq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, bu mövzuda ən düzgün yanaşma “telefon zərərlidir” demək əvəzinə, telefondan istifadə müddətinə diqqət yetirməkdir:
“Nə qədər vaxt ayırdığımıza, telefonda oxuduğumuz məzmunlara və bunun həyatımıza hansı dərəcədə təsir göstərdiyinə diqqət etmək lazımdır.
Bir neçə araşdırma da göstərir ki, telefon hər insana eyni şəkildə təsir göstərmir.
Bəs uzun müddət telefondan istifadə insanın psixoloji vəziyyətinə necə təsir göstərir?
Uzun və nəzarətsiz telefon istifadəsində əsas problemlərdən biri beynin davamlı olaraq stimullaşdırılmasıdır. Məsələn, bildirişlərin və mesajların gəlməsi, qısa videolara, xəbərlərə baxılması, sosial şəbəkələrdəki məlumatların izlənilməsi nəticəsində beyin daim aktiv vəziyyətdə qalır. Bu da insanın sakit qalmasını, telefonsuz vaxt keçirməsini və uzun müddət fokuslanmasını çətinləşdirə bilər.
Bundan əlavə, sosial mediadan istifadə zamanı özümüzü başqalarının həyatı ilə müqayisə ediriksə və bəyənilmə ehtiyacı duyuruqsa, davamlı informasiya axını emosional yorğunluğu artıra bilər. Müqayisə etdikcə özünəinamın azalması, stress, gərginlik və özünü dəyərsiz hiss etmək kimi hallar yarana bilər.
Sağlam şəkildə istifadə olunmayan telefon istifadəsi fiziki yorğunluğa da gətirib çıxara bilər. Yuxusuzluğu artıra, dərinin solğunlaşmasına və ümumi yorğunluğa səbəb ola bilər.
Burada bir fərqi də anlamaq lazımdır: telefonla dörd saat işləmək ilə dörd saat sosial mediada məqsədsiz gəzmək psixoloji baxımdan eyni deyil. Telefonu məqsədli şəkildə dörd saat istifadə etmək sağlam istifadə ola bilər. Ancaq sosial mediada məqsədsiz şəkildə dörd saat vaxt keçirmək psixoloji yorğunluq yarada bilər.
2025-ci ildə və ondan əvvəl aparılan bir neçə araşdırmada da göstərilir ki, gənclərdə həftə ərzində telefona baxmaq müddətinin azaldılması stressə və yuxu keyfiyyətinə müsbət təsir göstərə bilər.
Bir neçə saat telefonda vaxt keçirmək insanda yatma vaxtını gecikdirə bilər. Məsələn, “son bu videonu da izləyim”, “bir də bu mesaja baxım” dediyimiz anda istifadə müddəti istər-istəməz 30-60 dəqiqə və ya daha çox uzana bilər.
Bundan başqa, beynimiz yuxuya keçmək əvəzinə informasiya qəbul etməyə davam edir. Çünki beynimizə dincəlmək və sakitləşmək üçün fasilə vermirik”.
Əlavə olaraq psixoloq bildirib ki, sosial media passiv bir istirahət kimi görünə bilər, amma emosional olaraq bizi stimullaşdırır:
“Məsələn, bir xəbərə baxırıq və narahat oluruq, başqa bir xəbərə baxırıq və gülürük, digər bir xəbər bizi qıcıqlandıra bilər. Beləliklə, beynimiz gecə vaxtı tək bir emosiyada deyil, müxtəlif emosiyaların təsiri altında qalır və bu da stress yarada bilər.
Bundan başqa, ekran işığı və xüsusilə gecə saatlarında ekrandan istifadə bioloji saatla da qarşılıqlı əlaqədə ola bilər. Yəni bunu sadə şəkildə “mavi işıq yuxunu pozur” deməklə izah etməkdənsə, burada həm işığın, həm gecikmiş yatma vaxtının, həm məzmunun, həm də həmin məzmunun yaratdığı emosiyaların təsir göstərdiyini demək olar.
Ona görə də gücümüz çatdığı qədər telefondan sağlam şəkildə istifadə etməli, faydalı məlumatlar əldə etməyə çalışmalı və bizi emosional olaraq yoran məzmunlardan uzaq durmalıyıq. Öz duyğularımızı idarə etməyə, hansı mövzunun bizə necə təsir göstərdiyinə diqqət yetirməyə çalışmalıyıq.
Yatmazdan bir neçə dəqiqə və ya saat əvvəl telefonu özümüzdən kənar saxlamaq və beynimizin dincəlməsinə imkan vermək vacibdir. Çünki bədənimiz yuxuya gedə bilər, amma beynimiz hələ də sosial mediada oyaq qala bilər”.
Professor Adil Qeybulla da mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, indiki monitorların və ekranların gözə xüsusi bir ziyanı yoxdur:
“Yəni burada şüalanma və digər bu kimi faktorlar yoxdur. Amma bununla yanaşı, gözün uzun müddət birbaşa ekrana zillənməsi skleranın qurumasına gətirib çıxara bilər. Ona görə də burada müəyyən məşqlərə ehtiyac var.
Sadəcə olaraq gözləri mütəmadi şəkildə qırpmaq lazımdır. Çünki insanlar bəzən bunun fərqində olmurlar. Eyni zamanda gözləri yummaq, mütəmadi olaraq monitor arxasından qalxıb bir qədər gəzmək və gözləri ovuşdurmaq lazımdır ki, ən azı sklera qurumasın.
Əlbəttə ki, bu, bizim günümüzün reallığıdır. Çünki insanların əksəriyyəti ofis işində çalışır, evdə kompüterdən istifadə edir və hər kəsin, hətta uşaqların belə, kiçik yaşlarından telefonu var.
Ona görə də bu, artıq həyatımızın bir reallığıdır. Təəssüflər olsun ki, biz bu reallığın içindəyik və bunu tamamilə başqa cür dəyişmək üçün alternativimiz yoxdur”.
Səadət Əlizadə