“Vətəndaş diplomatiyası Azərbaycan-Ermənistan münasibətlərinin yumşalmasına xidmət edir” - Ekspert
Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli bildirib ki, “Sülh Körpüsü” formatında Tsaxkadzorda keçirilən Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti görüşü rəsmi diplomatik prosesi tamamlayan və cəmiyyətlərin sülhə psixoloji, sosial və institusional hazırlığını gücləndirən mühüm mexanizmdir; o, delimitasiya olunmuş sərhəddən keçidi real etimad quruculuğu addımı kimi qiymətləndirərək, dialoq və ictimai diplomatiyanın regional sabitlik və rifah üçün yeni imkanlar yaratdığını vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, “Sülh Körpüsü” görüşləri rəsmi diplomatiyanı dəstəkləyən platformadır:
“Rəsmi diplomatiya artıq mövcuddur. ‘Sülh Körpüsü’ isə ictimai diplomatiya formatıdır və onun davamıdır. Bu, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq, inteqrasiya və dialoq platformasıdır. Bütün hallarda Azərbaycan-Ermənistan münasibətlərinin yumşalmasına, qonşuluq münasibətlərinin formalaşmasına və sülh sonrası dövr üçün hazırlığa xidmət edir. Proses qarşılıqlıdır və hər iki ölkənin vətəndaş cəmiyyətləri səfərlər həyata keçirir. Bu, tədricən müharibə və düşmənçilik mühitini aradan qaldırır, anlaşma yaradır. Ola bilsin dostluqdan danışmaq tezdir, amma əməkdaşlıq mühiti formalaşır”.
Əli Mustafa delimitasiya olunan sərhəddən keçidi də müsbət addım kimi qiymətləndirib:
“Artıq sərhədin müəyyən hissəsi razılaşdırılıb və keçid imkanı yaranıb. Əvvəllər sərhəd gərginlik mənbəyi idisə, indi etimadı gücləndirən amilə çevrilir. Bu, iki ölkə arasında kommunikasiya imkanlarına xidmət edir. Vətəndaş cəmiyyəti və ictimai diplomatiyanın prosesə qoşulması qarşılıqlı etimadı artırır. Artıq tərəflər üçüncü qüvvələrin iştirakı olmadan görüşə bilirlər. İnsanlar görür ki, qarşılıqlı səfərlər təhlükəsiz şəkildə həyata keçirilir. Bu da cəmiyyətlərin dinc yanaşı yaşaması üçün mühit yaradır”.
Fatimə Hüseynli
