Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - ŞƏRH
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib. Yeni təyinatlara əsasən, David Tadevosyan nəqliyyat və infrastruktur naziri olub, Nazirlər Kabinetinin digər üzvləri isə vəzifələrini qoruyublar. Bununla yanaşı, Tiqran Xaçatryan və Mqer Qriqoryan baş nazirin müavinləri təyin ediliblər.
Mövzu ilə bağıı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyanın hökumətinin tərkibinin demək olar ki, dəyişməz qalması nə təəccüblü, nə də gözlənilməzdir. Buna əsas səbəb Ermənistanda siyasi elitanın ciddi şəkildə parçalanmış vəziyyətdə olmasıdır:
“Hakim partiyanın kadr bazası da o qədər geniş deyil. Nikol Paşinyan öz yaxın ətrafında yalnız bir neçə nəfəri dəyişməklə hökumətin əsas tərkibini saxlamağa qərar verib. Bu da göstərir ki, Paşinyan ciddi dəyişikliklər etməyə meyilli deyil və belə bir riskə getmək istəmir. Paşinyan baş nazir vəzifəsində qaldığı müddətdə Ermənistanın siyasi kursunun ciddi şəkildə dəyişməsi inandırıcı görünmür. Böyük ehtimalla, Nikol Paşinyan Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlaşma siyasətini əvvəlki kimi davam etdirəcək. Bu siyasətdə uğur qazanmaq üçün isə onun hakimiyyətinə sülh və sabitlik lazımdır. Buna nail olmağın əsas yolu Azərbaycanla sülh sazişinin imzalanmasıdır”.
Politoloqun fikrincə, yaxın gələcəkdə Paşinyan referendum keçirməklə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsinə cəhd göstərə bilər:
“Hazırda sülh sazişinin imzalanması qarşısında əsas maneə məhz bu məsələ hesab olunur. Konstitusiyaya dəyişiklik edilməsi sülh sazişinin imzalanmasının qarşısındakı maneəni aradan qaldıra bilər. Hökumətin tərkibində genişmiqyaslı dəyişikliklərin edilməməsi Ermənistanın daxili siyasi proseslərinə də təsir göstərəcək. Paşinyan hakimiyyəti bir tərəfdən kilsəyə qarşı təzyiqləri, digər tərəfdən isə Rusiyanın agentura şəbəkəsinə bağlı hesab etdiyi siyasi müxalifət nümayəndələrinə qarşı tədbirləri davam etdirə bilər. Bu addımlar ölkədaxili gərginliyi artıra bilsə də, Paşinyan hakimiyyətinin başqa alternativi qalmayıb. Rusiyanın Ermənistanda təsir imkanlarını məhdudlaşdırmaq Paşinyan hakimiyyəti üçün prioritet olaraq qalır. Yaxın gələcəkdə Rusiyanın Ermənistanı qarışdırmaq cəhdlərinin qarşısını almaq üçün Rusiyaya bağlı siyasi qüvvələrin zəiflədilməsi Paşinyan üçün olduqca sərfəlidir. Böyük ehtimalla, hakimiyyət bu istiqamətdə daha qətiyyətli addımlar atmağa davam edəcək”.
Fatimə Hüseynli