Valideynlərin ayrılması yeniyetmənin dünyasını necə dəyişir?
Müasir dövrdə boşanma hallarının artması təkcə ailə institutuna deyil, ailədə böyüyən uşaqların və xüsusilə yeniyetmələrin psixoloji və sosial inkişafına da ciddi təsir göstərir. Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı, sosial münasibətlərin genişləndiyi və özünütəsdiqin ön plana çıxdığı həssas mərhələdir. Valideynlərin ayrılması bu dövrdə emosional gərginlik, ünsiyyət problemləri, özünə inamın azalması, aqressiya və ya təcridolma kimi müxtəlif davranış dəyişikliklərinə səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, valideynlərin boşanması yeniyetmə üçün sadəcə ailə strukturunun dəyişməsi deyil, təhlükəsizlik hissinin sarsılması deməkdir:
“Yeniyetməlik onsuz da emosional dalğalanmaların güclü olduğu mərhələdir və bu dövrdə ailə daxilində sabitliyin pozulması daxili gərginliyi artırır. Ən çox rast gəlinən emosional təsirlər kədər, qəzəb, xəyal qırıqlığı və günahkarlıq hissidir. Bəzi yeniyetmələr valideynlərin ayrılmasına görə özlərini məsul saya bilər və ya tərəf seçməyə məcbur olduqlarını düşünə bilərlər. Bu da daxili konflikt yaradır. Boşanmadan sonra yeniyetmələrdə davranış dəyişiklikləri müxtəlif formada özünü göstərə bilər. Bəziləri içinə qapanır, ünsiyyətdən uzaqlaşır, akademik göstəriciləri zəifləyir. Digərlərində isə aqressiya, qaydalara qarşı çıxma və riskli davranışlara meyl arta bilər. Həddindən artıq yetkinləşmə, yəni evdə emosional yükü öz üzərinə götürmə halları da müşahidə olunur. Sosial münasibətlərdə ya həddindən artıq bağlanma, ya da insanlara qarşı məsafə saxlama meyli yarana bilər. Bu proses özünə inama da birbaşa təsir edir. Əgər boşanma konfliktli və travmatik keçərsə, yeniyetmədə “münasibətlər davamlı deyil”, “tərk edilə bilərəm” kimi inamlar formalaşa bilər. Bu isə gələcəkdə bağlanma qorxusu və ya həddindən artıq asılı münasibət modellərinə səbəb ola bilər. Digər tərəfdən, valideynlər boşanma prosesini mədəni və qarşılıqlı hörmət çərçivəsində idarə edər, uşağı konfliktin mərkəzinə qoymazsa, yeniyetmə bu mərhələni daha sağlam şəkildə keçə bilər”.
Cavahir Əsgərbəyli
