Valideynlik həmişə hazır olmaq deməkdir?
Cəmiyyətdə valideyn olmaq müqəddəs və mübahisəsiz bir rol kimi təqdim edilir. Uşaq sahibi olmaq xoşbəxtliyin zirvəsi sayılır, şübhə və tərəddüdlər isə səssizliklə ört-basdır edilir. Lakin bu ideal obrazın arxasında etiraf edilməyən bir həqiqət var. Bir çox insan valideynliyə psixoloji cəhətdən hazır olmadan bu rolu üzərinə götürür. Bu hazırlıqsızlıq nə açıq şəkildə müzakirə olunur, nə də qəbul edilir. Nəticədə valideynlər öz yorğunluğunu, peşmanlığını və qorxularını gizlədir, uşaqlar isə səbəbini anlamadıqları emosional boşluqla böyüyür.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Aytəkin Məmmədova bildirib ki, Azərbaycanda çox vaxt insanlar ailə həyatı qurarkən və valideyn olarkən çox vaxt bunu dərk etmirlər:
“Dünyaya övlad gətirəndə sadəcə bir məsuliyyət kimi başa düşürlər. "Ailə həyatı qurmuşuqsa, mütləq şəkildə dünyaya övlad gətirməliyik".
Çox vaxt bunu etiraf etmirlər. Buna yüksək ehtimal evlilikdən öncə hazır olmadıqlarını anlayırlar. Qorxu hiss olur ki, valideyn olmağa hazır deyil, ya da ailə həyatı qurulandan sonra şəxslər bir-birləri ilə danışıb etiraf edərkən hazır olmadıqlarını bildirirlər. Maddi, mənəvi cəhətdən də hazır hiss etmirlər. Çevrədən bir təzyiq olur: "niyə uşaqları olmur?". Şəxsi sərhədlərlə bağlı olan mövzulara toxunurlar. Bu an hazır ola bilmədiklərini ifadə etmək onlar üçün çətin olur və sanki bu qorxularını görməzdən gəlib dünyaya bir uşaq gətirirlər. Bu böyük bir məsuliyyətdir. Hər bir ailədə dünayaya övlad gələndən sonra müəyyən bir dəyişiklik olur. Əgər valideyn hazırdırsa və bilərək, bilincli, şüurlu şəkildə uşağı dünyaya gətirmək istəyirsə, müsbət təsirlər də olur. Təbii ki, qadınlar üçün ayrı, kişilər üçün ayrı proses getməyə başlayır. Qadının bütün həyatı dəyişir, kişinin məsuliyyəti artır. Əgər maddi cəhətdən narahatlığı olan bir kişidirsə, qayğıları başlayır. Amma uşağı dünyaya gətirərkən bəzi şeylərə hazırdırlarsa, bu proses daha rahat keçə bilir. Müəyyən dərəcədə gərginlik yaranır, amma evliliyə təsir edə biləcək səviyyədə deyil.
Azərbaycan mentalitetində dünyaya uşaq gəlməsi ən gözəl hiss olduğu üçün cəmiyyət valideynlərin uşağı istəməməsini düzgün qarşılamır. Uşaq dünyaya gətirdiyinə görə peşman olan valideynlər ciddi qınağa məruz qalırlar”.
Banu Məmmədova
