Valideynlərin mükəmməllik tələbi uşaqlarda psixoloji problem yaradır
Valideynlərin övladlarından daim mükəmməllik gözləməsi uşaqlarda psixoloji gərginlik və özünə inamsızlıq yaradır. Bu yanaşma uzunmüddətli emosional problemlərə səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, motivasiya uşağa güc verir, təzyiq isə onu qorxu və gərginlik içində saxlayır:
"Valideynlərin daim yüksək nəticə və qüsursuz davranış gözləməsi uşaqlarda narahatlıq pozuntuları, davamlı stress, özünə inamın azalması, uğursuzluq qorxusu və perfeksionizmə bağlı daxili gərginlik yarada bilər. Belə uşaqlar tez-tez “yetərsizəm” hissi ilə yaşayır, səhv etməkdən həddən artıq qorxur və zamanla depressiv əlamətlər, sosial çəkinmə və emosional tükənmə ilə üzləşə bilirlər. Bu cür təzyiq xüsusilə ibtidai məktəb dövründə və yeniyetməlik çağında daha qabarıq şəkildə özünü göstərir. Kiçik yaşlarda uşaq valideynin sevgisini nailiyyətlə əlaqələndirməyə başlayır, yeniyetməlikdə kimlik formalaşması zamanı bu gözləntilər daxili konfliktlərə, ciddi emosional gərginliyə səbəb olur. Yeniyetmə özünü daim başqaları ilə müqayisə edir, valideyni məyus etməmək qorxusu ilə yaşayır. Yüksək gözlənti ilə sağlam motivasiya arasındakı əsas fərq uşağın emosional vəziyyətinə münasibətdə özünü göstərir. Sağlam motivasiya uşağı dəstəkləyir, səylərini qiymətləndirir və səhvi inkişafın bir hissəsi kimi qəbul edir".
Müsahib bildirib ki, mükəmməllik tələbi nəticəyə fokuslanır, səhvləri qəbul etmir və uşağın dəyərini yalnız uğurla ölçür:
"Motivasiya uşağa güc verir, təzyiq isə onu qorxu və gərginlik içində saxlayır. Valideynlər davranışlarının zərərli olduğunu uşağın tez-tez özünü tənqid etməsindən, ağlamaqla və ya aqressiya ilə reaksiya verməsindən, dərslərdən və məsuliyyətlərdən qaçmasından, yuxu, iştah problemlərindən, həmçinin “bacarmayacam”, “yenə səhv edəcəm” kimi ifadələrindən anlaya bilərlər. Bu əlamətlər uşağın emosional olaraq yükləndiyini göstərir. Sağlam valideyn yanaşması isə uşağı olduğu kimi qəbul etməyə əsaslanmalıdır. Valideyn uşağın səylərini qiymətləndirməli, nəticədən asılı olmayaraq sevgisini hiss etdirməli, real və yaşına uyğun gözləntilər formalaşdırmalıdır. Səhvlərə anlayışla yanaşmaq, uşağın duyğularını dinləmək və onun fərdi potensialını müqayisəsiz şəkildə dəstəkləmək psixoloji sağlamlığın əsas təməlidir. Belə mühitdə böyüyən uşaq həm özünə güvənir, həm də daxili motivasiyasını sağlam şəkildə inkişaf etdirir".
Səmayə Səftərova
