Van Qoqun “Ulduzlu gecə” tablosunun tarixi yenidən müzakirə olunur
Cənubi Koreyalı alim Elijah Jeong-hyun Kimin rəhbərlik etdiyi tədqiqat qrupu Vinsent van Qoqun məşhur “Ulduzlu gecə” tablosunda Qoç deyil, Buğa bürcünün təsvir olunduğunu irəli sürüb. Araşdırma əsərin yaranma tarixinə dair qəbul edilmiş fikirlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Scientific Reports jurnalında dərc olunan tədqiqata əsasən, tabloya ilham verən səma 1889-cu il iyulun 22-si ətrafında, Fransanın Sen-Remi-de-Provans şəhəri üzərində sübhə yaxın müşahidə edilən səma ola bilər.
Tədqiqatçılar həmin vaxt Ayın formasının tablodakı hilalla uyğun gəldiyini, Buğa bürcündə yerləşən Hyades ulduz topasının və Veneranın isə şərq üfüqündə göründüyünü müəyyən ediblər. Hava şəraitinin də bu göy cisimlərini müşahidə etmək üçün əlverişli olduğu bildirilib.
İndiyədək sənət tarixçiləri “Ulduzlu gecə”nin 1889-cu ilin iyununda çəkildiyini qəbul edirdilər. Yeni araşdırma isə əsərin təxminən bir ay sonra yaradılmış ola biləcəyini göstərir.
Bununla belə, tədqiqatçılar tablonun dəqiq tarixini müəyyənləşdirməyin çətin olduğunu vurğulayırlar. Van Qoq əsəri Fransadakı psixiatriya müəssisəsində qaldığı müddətdə emalatxanada yaradıb və müşahidələri ilə yanaşı, eskizlərindən və xatirələrindən də istifadə edib.
Meksika Milli Muxtar Universitetinin fiziki Xose Luis Araqon araşdırmanı əhatəli və fənlərarası yanaşmaya əsaslanan iş kimi qiymətləndirsə də, iyul tarixinin hələ qəti nəticə deyil, maraqlı fərziyyə olduğunu bildirib. Onun fikrincə, tablodakı səma müxtəlif gecələrdə aparılmış müşahidələrin birləşməsindən yarana bilər.
Ada Hacızadə