00:00:00
Yazar
Zəhra Həsənova
12.08.2026 21:53 14 4 dəq oxuma
Siyasət

Vaşinqton görüşündən bir il: Azərbaycan üçün yeni regional və geosiyasi mərhələ

Vaşinqton görüşündən bir il: Azərbaycan üçün yeni regional və geosiyasi mərhələ

Avqustun 10-da Vaşinqtonda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş keçirilib.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, 2025-ci il avqustun 8-9-da Vaşinqtonda ABŞ lideri Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nokol Paşinyanla keçirdiyi görüş yalnız Cənubi Qafqazdakı proseslərə təsir etmədi:

 

“Bu, bütövlükdə dünya siyasətinə təsirini göstərmiş oldu. Əldə olunan razılaşmalardan və imzalanan mühüm sənədlərdən artıq bir il ötür. Ötən bir il həmin səfərin yalnız diplomatik hadisə olmadığını göstərdi. Ümumiyyətlə, Vaşinqton görüşünün nəticəsini anlamaq üçün görüşdən əvvəlki siyasi vəziyyətə və atılan addımlara baxmaq lazımdır. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları ilə Azərbaycan-Ermənistan münaqişənin hərbi mərhələsini bitdi. Lakin müharibənin başa çatması avtomatik olaraq sülhün yaranması demək deyildi. Əslində, 2020-ci ildən sonrakı dövrün ən mühüm siyasi sualı məhz bundan ibarət idi: Azərbaycan hərbi qələbəni necə davamlı siyasi nizama çevirəcək? Azərbaycan müharibədən sonra yalnız əldə etdiyi hərbi nəticələri qorumağa çalışan tərəf kimi çıxış etmirdi. Əksinə, yeni siyasi gündəliyi özü müəyyənləşdirməyə çalışırdı. Misal üçün Prezident İlham Əliyev müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsinin bağlanması təşəbbüsünü irəli sürdü və 2022-ci ildə münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip təqdim edildi. Bu prinsiplər qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasını, bir-birinə qarşı ərazi iddialarından imtinanı, güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinməyi, dövlət sərhədinin delimitasiya və demarkasiyasını, kommunikasiyaların açılmasını və digər sahələrdə əməkdaşlığı nəzərdə tuturdu. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan sülh gündəliyini mücərrəd “barışıq” çağırışları üzərində deyil, beynəlxalq hüququn klassik dövlətlərarası prinsipləri üzərində qurdu".


 Müsahib bildirib ki, bu yanaşmanın siyasi üstünlüyü onda idi ki, müharibədən sonra yaranmış yeni reallıq hüquqi-siyasi çərçivəyə salınırdı:

 

"Azərbaycanın əsas məqsədi bundan ibarət idi ki, müharibənin nəticələri müvəqqəti atəşkəs vəziyyəti kimi yox, yeni regional nizamın başlanğıcı kimi rəsmiləşsin. Lakin bunun qarşısında ciddi maneələr vardı”.

 

Politoloqun sözlərinə görə, Ermənistanda revanşist siyasi baxışların qalması, Qarabağ məsələsinin müxtəlif formatlarda yenidən beynəlxalqlaşdırılması cəhdləri, sərhəddə gərginliklər və kommunikasiya məsələsinin uzadılması sülh prosesinin sürətlə tamamlanmasına imkan vermirdi:

 

"Hesab edirəm 2023-cü il burada həlledici dönüş nöqtəsinə çevrildi. Xüsusilə, 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ölkənin bütün ərazisi üzərində suverenliyi bərpa olundu. Mənə görə bu hadisənin diplomatik əhəmiyyəti onun hərbi nəticəsindən daha böyük idi. Çünki bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində artıq “Qarabağın statusu” üzərindən qurulan əvvəlki danışıqlar modelinin davam etdirilməsi mümkün deyildi. Azərbaycanın mövqeyinə görə, ərazi bütövlüyü məsələsi həll olunub və bundan sonra danışıqların predmeti iki suveren dövlət arasında sülh və dövlətlərarası münasibətlərin qurulması olmalı idi. Beləliklə, Azərbaycan 2020-ci ildə hərbi müstəvidə dəyişdirdiyi reallığı 2023-cü ildə siyasi-diplomatik gündəliyin başlanğıc nöqtəsinə çevirdi. Bu, sülh prosesində psixoloji və siyasi üstünlüyün də dəyişməsi demək idi. Münaqişə artıq “status məsələsi necə həll ediləcək?” sualından “iki dövlət yeni reallıq əsasında münasibətlərini necə rəsmiləşdirəcək?” sualına keçirdi. Bu fərq zahirən terminoloji görünə bilər. Əslində isə bütün sülh prosesinin mahiyyətini dəyişən məqam məhz budur. Hesab edirəm ölkə başçının irəli sürdüyü beş prinsip bunun ilk mühüm göstəricisi idi. Daha sonra bu prinsiplər danışıqlar prosesinin əsas hüquqi-siyasi sütunlarına çevrildi. Azərbaycan - ABŞ münasibətlərinə gəldikdə isə iki ölkə 1990-cı illərdən etibarən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə mühüm məzmun qazanıb. Lakin sonrakı mərhələdə münasibətlərin inkişaf potensialı tam reallaşmadı. Xüsusilə, Co Bayden administrasiyası dövründə ikitərəfli münasibətlər Azərbaycan-Ermənistan münasibətlərinin prizmasından həddindən artıq asılı vəziyyətə düşdü. Prezident İlham Əliyev 2025-ci ilin avqustunda Vaşinqtonda verdiyi müsahibədə əvvəlki administrasiyanın dörd illik dövrünü münasibətlər baxımından “itirilmiş illər” kimi xarakterizə edib və Azərbaycan-ABŞ əlaqələrinin Azərbaycan-Ermənistan münasibətlərinə “girov” çevrildiyini bildirib. Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi, Ermənistanın əvvəlki geosiyasi imkanlarının daralması, Türkiyənin regional rolunun güclənməsi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi şərait, Orta Dəhlizin strateji əhəmiyyətinin artması və Zəngəzur istiqamətində kommunikasiya imkanlarının gündəmə gəlməsi regionu tamamilə yeni geosiyasi məzmunla yükləyib. Bu reallığı köhnə vasitəçilik mexanizmləri ilə idarə etmək getdikcə mümkün deyildi. Vaşinqtonun yeni administrasiyasının fərqi məhz burada meydana çıxdı. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlanması bir anda baş vermədi. Prezident İlham Əliyevin Trampa göndərdiyi 21 yanvar 2025-ci il tarixli məktubda Azərbaycan ABŞ-la münasibətlərin yeni prezidentlik dövründə daha da möhkəmlənəcəyinə ümid ifadə edib. Trampın cavab məktublarında da Azərbaycanla əməkdaşlığın enerji, təhlükəsizlik və regional sülh baxımından əhəmiyyəti vurğulanırdı. 2025-ci ilin aprelində Tramp Azərbaycanla ABŞ arasında uzunmüddətli əməkdaşlığı və Azərbaycan-Ermənistan arasında sülh istiqamətində atılan addımları müsbət qiymətləndirdi. May ayında isə o, münasibətlərin təhlükəsizlik əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və enerji sahələrində dərinləşdirilməsi perspektivini xüsusi qeyd edib”.

Selcan Xudiyeva

#il: #gündəm #geosiyasi #regional
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər