Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan
Azərbaycan Prezidenti İlham Əliyev bir il öncə ABŞ səfəri çərçivəsində ikitərəfli və regional maraqların, təhlükəsizliyin, sülhün, əməkdaşlığın təmin olunması baxımından çox mühüm sənədlərə imza atıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, ötən bir il ərzində Azərbaycanın qlobal müstəvidə çəkisi həddindən artıq və sürətlə artıb:
"Ümumiyyətlə, Azərbaycana dəyər verilib. Lakin Vaşinqton görüşündən sonrakı dövrdə artıq Azərbaycana daha çox önəm verilməyə başlandı. Həm Avropa dövlətləri, həm də dünyanın ayrı-ayrı istiqamətlərindəki dövlətlər, onların rəhbərləri Azərbaycanın nə qədər önəmli bir dövlət olduğunun fərqinə vardılar və təbiidir ki, bundan sonra bizə münasibət köklü şəkildə irəliyə doğru dəyişdi. Əvvəl də münasibət pis deyildi. Əslində, 44 günlük müharibədən sonra Azərbaycan özünün mövqeyini dünyaya göstərdi və təbiidir ki, bizi qalib millət olaraq qəbul edirdilər. Lakin ABŞ səviyyəsində Azərbaycanın bu cür etiraf edilməsi artıq bizim əlavə güc qazanmağımıza səbəb oldu. Vaşinqton sammiti bütövlükdə bizim diplomatik, siyasi dividendlərimizi ciddi şəkildə artırdı. Azərbaycanın həm daxilində, həm xaricində mövqelərimiz olduqca möhkəmləndi. Faktiki olaraq dünyanın ən aparıcı dövlətləri, məsələn, elə bu son müşahidələrimizi dilə gətirsək, Qırğızıstanda keçirilən Orta Asiya-Azərbaycan zirvə görüşü, ondan öncə Azərbaycan Prezidentinin Almaniyaya rəsmi dövlət səfəri və bizə göstərilən münasibət, təmtəraq, Azərbaycanın üstün mövqedə olmasının qəbul edilməsi bunlar hamısı Vaşinqton sammitindən sonra baş verənlərdir. Amma təbiidir, söhbət ondan getmir ki, Vaşinqton sammiti olmasaydı, bunlar olacaqdımı? Mümkündür ki, olacaqdı. Sadəcə olaraq, Vaşinqton sammiti bizə münasibətin yaxşı mənada dəyişməsinə əlavə təkan vermiş oldu".
Siyasi şərhçinin sözlərinə görə, Vaşinqtonda əldə edilmiş razılaşmalar, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə daşınmasına səbəb oldu:
"Digər tərəfdən, Ermənistanla sülh məsələsinin kökündən həllinə əlavə təkan verdi. Artıq sülh müqaviləsi paraflanıb, daha doğrusu, hələ imzalanmağı gözləyir. Ona qədər o məsələlər də həllini tapacaq. Demək istədiyim odur ki, Vaşinqton sammiti, zirvə görüşü və bütövlükdə orada aparılan danışıqlar, imzalanan sənədlər bizi həqiqi mənada daha da irəli götürmək üçün əlavə stimuldur".
Selcan Xudiyeva