“Vaşinqton-Tehran xəttində kompromis uzaq görünür”-ŞƏRH
Danışıqlarda ABŞ-nin həddini aşan tələblərini qəbul etməyəcəyik.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
“Danışıqlar elə planlaşdırılıb ki, İran xalqının hüquqları tam şəkildə təmin edilsin”, - Pezeşkian qeyd edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında davam edən danışıqlarda kompromis imkanları mövcud olsa da tərəflər buna hazır görünmür:
“Müharibəyə elə bir mərhələdə fasilə verildi ki, hər iki tərəf özünü qalib elan etdi. Odur ki, hazırda iki qalib yaxud iki məğlub tərəf var. Ona görə də, danışıqlar gərgin keçir. Vasitəçi ölkələrin rolu o qədər də təsirli deyil. Qısa zamanda effektli nəticə əldə olunacağı ehtimalı zəifdir. Hər iki tərəf öz şərtlərini diktə etmək və geri çəkilməmək istəyir. Ancaq müəyyən razılıq əldə olunsa belə bu, nisbi və müvəqqəti olacaq. Çünki hazırda İran ABŞ üçün əsasən nüvə məsələsinə görə diqqət mərkəzindədir. Eyni zamanda, İsrail faktoru da var. Müəyyən zaman kəsimi üçün ola bilsin razılıq əldə olunsun. Lakin ABŞ İran qarşı irəli sürdüyü tələb və şərtlərin heç olmasa əhəmiyyətli hissəsi icra olunmadan geri çəkilməyəcək. Eyni zamanda İranda edamların artması ilə müşayiət olunan hadisələr hakimiyyətin daha da sıx birləşərək xalqı öz tərəfinə çəkməsindən xəbər verir. Belə olduğu halda ABŞ və İsrailin İranda xalqın vasitəsi ilə hakimiyyəti devirmək cəhdi də hədər olmuş olur. Bu vəziyyət ABŞ və İsrailin də müəyyən şərtlərdən çəkilməsinə səbəb olacaq. Ancaq bütün hallarda razılıq olsa da belə bu, müvəqqəti və həssas nəticə verəcək. İstənilən an müharibə alovlana bilər”.
Nuray Əliyeva