00:00:00
Yazar
Admin User
05.02.2026 16:08 39 2 dəq oxuma
Siyasət

Vaşinqton-Tehran xəttində gərginlik artır

Vaşinqton-Tehran xəttində gərginlik artır

ABŞ və İran arasında planlaşdırılan danışıqların baş tutmaması tərəflər arasında dərin siyasi ziddiyyətlərin hələ də aradan qalxmadığını göstərir.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-İran danışıqlarının ləğvi əslində gözlənilən idi və bu addım tərəflər arasındakı uzunmüddətli qarşıdurmanın məntiqi nəticəsi sayılmalıdır:

 

“Vaşinqtonla Tehran arasında münasibətlər qısamüddətli böhran deyil, onilliklər boyu formalaşmış sistemli düşmənçilik üzərində qurulub. İran artıq 47 ildir ABŞ-nin sanksiyaları altında yaşayır və bu müddət ərzində ölkədə siyasi, iqtisadi və təhlükəsizlik baxımından xüsusi müqavimət mexanizmləri formalaşıb. Belə bir şəraitdə ABŞ-nin birdən-birə sərt tələblərlə çıxış edərək İranı danışıqlar masasına oturtmaq istəyi real görünmür. ABŞ-nin əsas tələbləri İranın nüvə proqramından tam imtina etməsi, uranın zənginləşdirilməsinin dayandırılması və daxili siyasətdə ciddi dəyişikliklərə getməsi Tehranın milli təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən İranın belə şərtlərlə razılaşması mümkün deyil”.

 

Politoloq hesab edir ki, İran qorxu üzərində qərar verən dövlət deyil və xarici təzyiqlər Tehranın mövqeyini zəiflətmir, əksinə, onu daha sərt mövqeyə sövq edir:

 

“İran özünü regionda güclü və təsirli oyunçu hesab edir və bu statusdan imtina etmək niyyətində deyil. ABŞ-nin İrana qarşı mümkün hərbi ssenariləri də ciddi risklər daşıyır. Regionda ABŞ-yə açıq şəkildə dəstək verəcək ölkələrin sayı olduqca məhduddur. Türkiyə, Körfəz ölkələri, İraq və Cənubi Qafqaz istiqaməti Vaşinqton üçün təhlükəsiz və etibarlı platforma hesab edilmir. İsrail istisna olmaqla, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar üçün regional tərəfdaş tapması çətindir. Üstəlik, İsrailin özü də İranla genişmiqyaslı qarşıdurmanın ağır nəticələr doğura biləcəyini anlayır. İranın cavab zərbələri regionda tammiqyaslı xaosa səbəb ola bilər. Danışıqların ləğvi ABŞ–İran münasibətlərində gərginliyin artmasına səbəb olsa da, bu prosesin uzunmüddətli hərbi qarşıdurmaya çevrilməsi hələlik qaçılmaz deyil. Tərəflər gec-tez yenidən dialoqa qayıtmağa məcbur olacaqlar. Əks halda, Yaxın Şərqdə böyükmiqyaslı müharibə riski xeyli artacaq. Bu isə nə ABŞ-nin, nə də İranın maraqlarına uyğundur”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər