00:00:00
Yazar
Admin User
09.02.2026 18:03 38 2 dəq oxuma
Siyasət

"Vaşinqton üçün əsas şərt İranın nüvə silahına sahib olmamasıdır"

"Vaşinqton üçün əsas şərt İranın nüvə silahına sahib olmamasıdır"

“Ən vacib məsələ odur ki, nüvə silahı olmayacaq. Əgər biz bu razılaşmanı iki il əvvəl əldə edə bilsəydik, yaxşı olardı. Amma onlar buna razı deyildilər. İndi isə razıdırlar”.

 

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, mövcud şəraitdə Trampın bu bəyanatı real vəziyyəti əks etdirmir:

 

"Trampın bu bəyanatları İran-ABŞ münasibətlərinin mövcud reallığını əks etdirmir. Açıqlamalar daha çox prosesdə hansısa dəyişiklik baş verdiyi təəssüratını yaratmaq məqsədi daşıyır. Halbuki İran-ABŞ münasibətləri son həftələrdə olduğu kimi gərgin olaraq qalır və hər hansı konkret razılaşmadan söhbət getmir. Trampın “İranın nüvə silahı olmayacaq” fikri yeni deyil. İran dəfələrlə bəyan edib ki, nüvə silahına malik deyil və belə bir iddiası yoxdur. Eyni zamanda, ötən ilin yayında ABŞ-nin həyata keçirdiyi zərbələrdən sonra rəsmi Vaşinqton İranın nüvə potensialının təhlükəli həddinin aradan qaldırıldığını açıqlayıb. Bu halda İranın hansı nüvə silahından danışıldığı sual doğurur. Mövcud şəraitdə Trampın bu bəyanatı real vəziyyəti əks etdirmir. Çünki İranın hazırda nüvə silahı yoxdur və indiki mərhələdə onu əldə etmək niyyəti də görünmür".

 

Siyasi şərhçi qeyd edib ki, Trampın açıqlamalarına ciddi siyasi məna yükləmək çətindir və onlar daha çox formal xarakter daşıyır:

 

"İran-ABŞ ziddiyyətlərinin əsasını təşkil edən mövzular üzrə hələ də heç bir konkret razılaşma yoxdur. Söhbət İranın zənginləşdirilmiş nüvə materiallarının taleyindən, regiondakı silahlı qruplara dəstəyin dayandırılmasından, raket proqramından imtina kimi məsələlərdən gedir. Bu mövzular ətrafında müzakirələrin aparılması üçün əvvəlcə real danışıqların başlaması zəruridir".

 

Eyni zamanda o bildirib ki, hazırda substantiv danışıqların başlanması ciddi problem olaraq qalır:

 

"Məlumatlara görə, Omanda keçirilən görüşlər zamanı tərəflər birbaşa təmasdan çəkinib. ABŞ və İran nümayəndələri üz-üzə əyləşməyib, Omanın xarici işlər naziri isə tərəflər arasında ayrı-ayrı otaqlarda vasitəçilik edib. Bu faktın özü münasibətlərin nə qədər gərgin olduğunu göstərir. İstanbulda planlaşdırılan danışıqlardan İran tərəfinin imtinasından sonra Omanda nəzərdə tutulan görüş də mahiyyət etibarilə baş tutmayıb. Buna görə də münaqişənin həlli istiqamətində danışıqlar müstəvisində hələlik hər hansı məzmunlu addım atılmayıb".

 

Müsahib əlavə edib ki, mövcud vəziyyətdə proseslərin necə inkişaf edəcəyini gözləməkdən başqa alternativ addım görünmür:

 

"Müşahidələr göstərir ki, Tramp administrasiyası İranla bağlı məsələnin danışıqlar yolu ilə, yoxsa hərbi müstəvidə həll ediləcəyi barədə hələ qəti mövqe formalaşdırmayıb. İran isə mümkün hücum ehtimalını nəzərə alaraq müdafiə tədbirlərini gücləndirməkdə davam edir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər