Vaşinqton və Pekinin strateji maraqları toqquşur
Vaşinqton təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxır.
Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az”a açıqlamasında bildirib ki, Tayvan məsələsi ABŞ və Çin arasında mövcud olan gərginliyin əsas səbəblərindən biri hesab olunur:
“Rəsmi Pekin Tayvanı Çinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir və onu separatçı qurum hesab edir. ABŞ isə “bir Çin” siyasətini formal olaraq tanısa da, Tayvanla sıx əlaqələr saxlayır və onun özünümüdafiə imkanlarını dəstəkləyir. Bu məsələdə geosiyasi, geostrateji və iqtisadi maraqlar ön plandadır. Tayvan olduqca strateji coğrafi mövqeyə malikdir və ABŞ bu mövqe vasitəsilə Çin üzərində siyasi təsir imkanlarını qorumağa çalışır. Bununla yanaşı, Tayvan iqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Çünki dünyada istehsal olunan ən müasir yarımkeçirici çiplərin əhəmiyyətli hissəsi məhz burada hazırlanır. Bu çiplərin böyük hissəsi ABŞ-yə ixrac olunur və ölkənin texnologiya sənayesində, xüsusilə də hərbi-sənaye kompleksində geniş istifadə edilir”.
Politoloq həmçinin bunu da qeyd edib ki, buna görə də ABŞ Tayvanın strateji və iqtisadi əhəmiyyətini nəzərə alaraq bu regiondakı mövqeyini qorumağa çalışır və onu Çinlə münasibətlərdə mühüm təsir vasitəsi kimi qiymətləndirir:
“Eyni zamanda Vaşinqton Pekindən Tayvan məsələsini təzyiq və ya hərbi müdaxilə yolu ilə həll etməyə cəhd göstərməməyi tələb edir. ABŞ dəfələrlə bəyan edib ki, Tayvanın təhlükəsizliyi məsələsində onu dəstəkləməyə hazırdır. Əgər Tayvan ətrafında vəziyyət daha da gərginləşərsə, bu, ABŞ-Çin münasibətlərində ciddi böhran yarada və regional təhlükəsizlik üçün yeni risklər formalaşdıra bilər”.

Güllər Gülhüseynova