Vaşinqtonda ABŞ və Kolumbiya prezidentlərinin görüşü keçirilir
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Kolumbiya Prezidenti Qustavo Petro arasında mətbuata qapalı formatda danışıqlar aparılıb. Görüşdə iki ölkə arasındakı ikitərəfli və regional məsələlər müzakirə olunub. Kolumbiya tərəfi proseslə bağlı ictimai sükutu qorumağa çalışıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Heydər bildirib ki, ABŞ ilə Kolumbiya arasında diplomatik münasibətlər hazırda gərgindir:
“Venesuela Prezidentinin həbsi ilə bağlı proseslərdən sonra Donald Tramp Kolumbiya Prezidentinin taleyinin də Venesuela Prezidenti ilə eyni ola biləcəyini bildirib. Bu səbəbdən Trampın Kolumbiya Prezidenti ilə görüşünün rəsmi səviyyədə yüksək qarşılanmaması müəyyən mesaj xarakteri daşıyır. Bu, iki ölkə arasında mənfi münasibətlərin hələ də davam etdiyini göstərir və diplomatik mesaj hesab olunur. Tramp 2027-ci ildə gözlənilən iqtisadi böhranın qarşısını almaq üçün müxtəlif addımlar atır. Bu məqsədlə neft, qızıl və digər təbii ehtiyatlara malik ölkələrlə gəlir əldə etməyə yönəlmiş görüşlər keçirir. Bu çağırışlar qəbul edilmədikdə isə həmin ölkələr təzyiqlərlə üzləşir. ABŞ-nin Venesuela və Kolumbiya ilə bağlı siyasəti regionda sabitliyə təsir göstərəcək. Tramp sülh və münaqişələrin həlli şüarları ilə hakimiyyətə gəlsə də, hazırda daha çox müharibə yönümlü siyasətə üstünlük verir. Yalnız Kolumbiya ilə deyil, İranla münasibətlər də Amerikanın regiona təsirini göstərir. Bu proseslər regionda vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyini deməyə əsas verir".
Reyhan Quliyeva
