Velosiped, skuter və piyada mədəniyyəti: Şəhərdə təhlükəsiz və ekoloji hərəkət
Müasir şəhər həyatında alternativ nəqliyyat vasitələrinin, xüsusilə velosiped və elektrik skuterlərin istifadəsi sürətlə artır. Bununla yanaşı, piyada mədəniyyəti və yol hərəkəti qaydalarına riayət də şəhər mühitində təhlükəsizliyi təmin etmək üçün vacibdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi, t.ü.f.d. Bulud Bağırov bildirib ki, velosiped və skuter istifadəçiləri üçün ən çox rast gəlinən təhlükələr, yəni mənfi təsirləri aşağıdakıları qeyd eləsək:
“Avtomobil hərəkəti ilə toqquşma riski ola bilər, məsələn: şəhərdə avtomobillərin sıx hərəkəti velosiped və skuter sürücüləri üçün əsas təhlükədir. Xüsusilə sürət həddinin yüksək olduğu küçələrdə, dönmə və dayanma zonalarında qəza riski artır. Yol infrastrukturu ilə bağlı problemlər ola bilər, qırıq asfalt, deşiklər, eninə çatlar və ya düzgün nişanlanmayan yol xətləri velosiped və skuter sürücülərinin sabitliyini poza bilər. Piyada keçidləri, tramvay və ya avtobus relsləri də təhlükə mənbəyidir. Qeyri-müntəzəm sürücülük və qayda pozuntuları ola bilər, həm avtomobil sürücülərinin, həm də alternativ nəqliyyat istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməməsi qəza riskini artırır. Məsələn, piyada zolağını keçən skuter sürücüləri və ya yol kənarında park edən avtomobillər. Görünmə və gecə şəraitində yol-nəqliyyat hadisələri baş verə bilər, kifayət qədər işıqlandırma olmayan yerlərdə və ya gecə saatlarında velosiped və skuter sürücüləri görünməz ola bilər. Reflektorlar, fənərlər və parlaq geyim istifadə olunmazsa təhlükə xeyli artır. Piyadalarla qarşılıqlı əlaqədə xoşagəlməz hadisələr baş verə bilər, sürət həddinin yüksək olduğu yerlərdə skuter və velosipedlə piyada toqquşmaları baş verə bilər. Piyadaların diqqətsizliyi və mobil cihaz istifadəsi də risk faktorudur. Alternativ nəqliyyat vasitələrinin şəhər mühitinə təsirində müsbət təsirləri qeyd eləsək: Ekoloji cəhətdən təmizdir, yəni velosiped və elektrik skuterləri karbon qazı emissiyasını azaldır, hava çirkliliyini və səs-küyü minimuma endirir. Tıxacların azalmasına kömək edir, qısa məsafələr üçün avtomobil istifadəsinin azalması şəhərdə nəqliyyat sıxlığını azaldır. Sağlam həyat tərzinə təşviq edir. Velosiped sürmək fiziki aktivliyi artırır, sağlamlığı dəstəkləyir. Mənfi və riskli təsirlər də yan keçmir. İnfrastruktur tələbatı- yəni, təhlükəsiz velosiped və skuter yolları, dayanacaqlar və işıqforlar tələb olunur. Qaydalara əməl olunmadığı təqdirdə qəza riskləri yüksəlir. Avtomobil, velosiped, skuter və piyada eyni sahəni paylaşarkən qarşılıqlı konfliktlər yarana bilər. Nəticədə, şəhərdə alternativ nəqliyyat vasitələrinin istifadəsi həm ekoloji, həm də sosial baxımdan müsbət təsir göstərir. Lakin təhlükəsiz və effektiv istifadəsi üçün infrastrukturun yaxşılaşdırılması, yol hərəkəti qaydalarına riayət və təhsil/informasiya kampaniyaları vacibdir”.

Banuçiçək Məmmədova
