00:00:00
Yazar
Səadət Əlizadə
20.10.2026 21:04 47 2 dəq oxuma
Siyasət

Vensdən Ukraynaya NATO mesajı: “Üzv olmamalıdırlar”

Vensdən Ukraynaya NATO mesajı: “Üzv olmamalıdırlar”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu bəyan edib. O, Vaşinqtonla Kiyev arasında rəsmi müttəfiqlik münasibətlərinin olmadığını vurğulayaraq, Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumlarının ABŞ-də yanacaq qiymətlərinin artmasına təsir göstərdiyini bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, ABŞ-də noyabrın 3-nə planlaşdırılan aralıq parlament seçkiləri ölkənin Ukrayna və Rusiya siyasətinin gələcək istiqamətini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır:

 

"Seçkilərə qədər Tramp administrasiyasının Ukraynaya münasibətini müəyyən mənada seçki taktikası kimi qiymətləndirmək olar. Hazırkı mərhələdə Vaşinqtonun Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə zərbələr endirməsinə qarşı çıxması da bu taktikanın tərkib hissəsi ola bilər. Seçkilərin nəticələrindən asılı olaraq ABŞ-nin Ukrayna siyasətində ciddi dəyişikliklər baş verə bilər. Əgər Tramp Konqresin hər iki palatasında mövqelərini itirərsə, onun Ukraynaya münasibəti dəyişə və Kiyevə hərbi yardımlar arta bilər. Əks halda, mövcud siyasətin davam etdirilməsi ehtimalı yüksəkdir".

 

Onun fikrincə, ABŞ-nin Ukrayna ilə münasibətlərindəki mövcud yanaşmanı yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də Tramp administrasiyasının daxili siyasi maraqları baxımından qiymətləndirmək lazımdır:

 

"Noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində administrasiya ictimaiyyətə enerji qiymətlərinin artmasına görə məsuliyyətin Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələrlə əlaqəli olduğu fikrini təqdim etməyə çalışa bilər. Bununla belə, ABŞ-də yanacağın qiymətinə təsir edən amillər daha genişdir və İranla bağlı hərbi qarşıdurma da bu kontekstdə nəzərə alınmalıdır. Seçkilərdən sonra Tramp administrasiyasının siyasi mövqeyində dəyişiklik baş verərsə, Vaşinqton-Kiyev münasibətlərində də yeni mərhələ başlaya bilər".

 

Sonda o vurğulayıb ki, ABŞ-nin Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumlarından narazılığını Tramp administrasiyasının seçki maraqları ilə əlaqələndirmək mümkündür:

 

"Administrasiya yanacağın bahalaşmasının əsas səbəblərini Ukraynanın hücumları ilə əlaqələndirməklə İranla bağlı müharibənin enerji bazarına təsirini ictimai müzakirələrdə ikinci plana keçirməyə çalışa bilər. Lakin noyabrın 3-də keçiriləcək seçkilərin nəticələri bu yanaşmanın davam edib-etməyəcəyinə təsir göstərəcək. Tramp Konqresin hər iki palatasında mövqelərini itirərsə, Ukraynaya yardımların artırılması və Rusiya ilə münasibətlərdə sərt xəttə keçilməsi ehtimalı yarana bilər. Əks nəticə əldə olunarsa, hazırkı siyasətin davam etdirilməsi mümkündür. Buna görə də ABŞ-nin Ukraynanın enerji infrastrukturuna hücumlarına münasibətini seçkiöncəsi siyasi taktikanın bir hissəsi kimi qiymətləndirmək olar".

 

Fatimə İbrahimova

#azərbaycan #mesajı: #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər