Vergi orqanlarına iş üçün test imtahanı keçirilib
Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi və Dövlət Vergi Xidməti vergi orqanlarına iş üçün test imtahanı keçirib. İmtahanın gedişi operativ qərargah tərəfindən nəzarətdə saxlanılıb. Nəticələr 2-3 gün ərzində açıqlanacaq.
Mövzu ilə bağlı "Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, vergi imtahanlarının nəticələri artıq dünəndən elan olunub və beləliklə, nəticələr məlumdur:
“Diqqətçəkən məqam odur ki, testdə 15 sual Konstitusiyadan, 20 sual Azərbaycan dili üzrə, 65 sual isə məntiqdən olmuşdur. Məntiqdən bu qədər çox sualın olması bir qədər qeyri-adidir. Əvvəllər vergi qanunvericiliyinə daha çox önəm verilirdisə, indi sualların strukturu dəyişib və vergi qanunvericiliyinə dair suallar testə daxil edilməyib. Bu yanaşma tam da düzgün deyil. Çünki vergi orqanlarında çalışacaq şəxslərin əsas işi məhz qanunvericiliklədir. Eyni zamanda, Azərbaycan dili suallarının olması da olduqca vacibdir. Bu gün dövlət orqanlarında işləyən bəzi şəxslərin elementar dil qaydalarında səhvlərə yol verdiyini görürük. Ona görə də bu sahədəki biliklərin yoxlanılması önəmlidir. Test sisteminin müsbət tərəfi odur ki, burada uğur yalnız şəxsin bilikləri ilə ölçülür-tanışlıq və digər amillərin təsiri aradan qaldırılıb. Bununla belə gələcəkdə elə testlər hazırlanmalıdır ki, onlar namizədlərin yalnız biliklərini deyil, həm də stresə davamlılığını və situativ qərarvermə bacarıqlarını qiymətləndirsin. Amma bu da dolayısı ilə və məhdud çərçivədə deyil, konkret və məqsədyönlü şəkildə edilməlidir. Hazırkı test formatı, zaman təzyiqi və məntiq tapşırıqları ilə psixoloji bir sınaq rolunu qismən oynayır. Qısa müddətdə qərar vermək, çətin sual qarşısında emosiyaları nəzarətdə saxlamaq kimi bacarıqlar da burada qiymətə çevrilir. Vergi orqanlarında çalışan əməkdaşlar həm hüquqi biliklərə sahib olmalı, həm də vətəndaşlarla ünsiyyətə girməyi, situativ qərarlar verməyi bacarmalıdır. Ona görə də mənim təklifim odur ki, testlərdə sırf qanunvericiliklə bağlı, real situasiyaları əks etdirən situativ suallar da yer alsın. Bu suallar həm real iş həyatında rast gəlinən hallar üzərində qərarvermə bacarığını yoxlayar, həm də psixoloji dayanıqlığı əyani şəkildə ölçə bilər. Hazırda test əsasən ilkin filtr rolunu oynayır və stresə davamlılıqla bağlı ilkin siqnal verir. Sonrakı mərhələdə keçirilən müsahibə isə daha geniş və dərin qiymətləndirmə üçün əhəmiyyətlidir. Buna baxmayaraq, testin tərkibində həm bilik, həm düşüncə, həm də situasiyaya uyğun reaksiya vermə bacarıqları paralel şəkildə ölçülməlidir”.
Mələk Hüseynova
