Vladimir Zelenskidən Avropaya sərt mesaj
“Viktor adlı birisi var, kef edir, halbuki Budapeşt küçələrinə rus tanklarının qayıtmaması üçün ordusunu böyütməlidir”, - deyə Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin Münhen Təhlükəsizlik Konfransındakı bu kəskin və ironiyalı çıxışı, əslində təkcə Viktor Orbana deyil, bütövlükdə Avropaya ünvanlanmış siyasi xəbərdarlıqdır:
“Zelenski bu sözlərlə Avropa liderlərinə demək istəyir ki, təhlükəsizlik populizm və daxili siyasi komfort üzərindən qurula bilməz. Ukrayna bu gün Avropanın ön cəbhəsidir. Kiyevə göstərilən dəstək əslində gələcəkdə Budapeştin, Praqanın, Varşavanın təhlükəsizliyinə yatırılan sərmayədir. Orbanın Rusiya ilə əməkdaşlıq xətti Zelenskinin ritorikasında təkcə siyasi seçim deyil, tarixi məsuliyyətsizlik kimi təqdim olunur. Mesaj aydındır: Moskva ilə “rahat balans” axtarışı Avropanı qoruyan strategiya yox, onu zəiflədən illüziyadır. Bu kontekstdə Münhen Təhlükəsizlik Konfransının rolu da sual altına düşür. Konfrans Avropanın real təhlükəsizlik problemlərini açıq şəkildə səsləndirmək üçün unikal platformadır, lakin bu açıq müzakirələr həmişə real siyasi qərarlara çevrilmir. Münhen tribunası çox vaxt narahat həqiqətlərin deyildiyi, amma onların nəticələrinin təxirə salındığı məkana bənzəyir. Zelenskinin sərt çıxışı da məhz bu boşluğa işarə edir: təhlükələr artıq nəzəri deyil, praktikdir və vaxt udmaq Avropanın xeyrinə işləmir. Yəni Münhen danışmaq üçün kifayət qədər açıqdır. Amma Avropanın əsas problemi bu deyil, əsas problem danışılanların nə dərəcədə siyasi iradəyə çevrilməsidir”.
Nuray Əliyeva
