Vətən müharibəsi qəhrəmanı
Bəzən bir ad olur-sadə, amma o ad deyildikcə qürur yaranır, gözlər dolur, ürəklər titrəyir.
İsmayılzadə Məhəmməd Füzuli oğlu-elə bu adlardan biridir.
O, hər bir azərbaycanlı gəncin arzusunu-Vətənə xidmət etməyi, torpağa sahib çıxmağı öz həyatı ilə sübut edib. Məhəmməd sadəcə bir əsgər deyil, o, Azərbaycanın bütövlüyü uğrunda canından keçən igidlərdən biri idi.
2020-ci ilin payızı…
Torpaq yanır, Vətən müharibəsi gedir. Hər tərəfdə döyüş səsi, mərdlik, qürur var. O da bu səslərin içində idi-səngərdə, ön cəbhədə, döyüş meydanında.
26 oktyabr 2020-ci ildə Məhəmməd Füzuli oğlu İsmayılzadə şəhidlik zirvəsinə ucalıb. O gün o, təkcə öz ailəsinin yox, bütün Azərbaycanın oğlu olub. Onun adı indi şəhidlik zirvəsində yazılıb-orada nə zaman, nə də ölüm toxunmur. Çünki şəhidlər ölmür. Onlar torpağın yaddaşına çevrilir, hər səhər yanan günəşin içindən doğulur, hər yerdə bayrağın dalğalanışı ilə birgə ucalır.
Məhəmmədin xatirəsi bu gün də yaşayır-ailəsinin qəlbində, dostlarının xatirəsində, Vətən torpağında.
O, cəmi bir ömürlük döyüşüb,
amma min illik azadlıq qazandıran o nəsildəndir.
Bu gün onun haqqında danışmaq həm hüzn, həm də qürurdur.
Çünki şəhidlər haqqında danışanda biz ağlamırıq-biz başımızı dik tuturuq.
Banuçiçək Məmmədova
