Vətən Müharibəsi Qəhrəmanı
Vətən sevgisi hər kəsdə fərqli təzahür edir, lakin bu sevgi bəzən bir ömrün yönünü, bir insanın taleyini müəyyənləşdirir. Şəhid Baş Leytenant Rauf Əsgərov da elə Vətəninə sədaqətini canı ilə sübut edən qəhrəmanlardan biri idi. “Gəncədən doğan” bu igid ömrü boyu torpağına, xalqına xidmət etməyi şərəf bilib. O, müharibə başlayan kimi tərəddüd etmədən ön cəbhəyə yollanaraq, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalıb.
"İnformator.az" xəbər verir ki, Əsgərov Rauf Vaqif oğlu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulub. 1995-ci ildə 44 nömrəli məktəb-liseydə tam orta təhsilini başa vurub. 1995-1999-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) “Kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması” ixtisası üzrə təhsil alıb.
ADAU-nun Hərbi kafedrasında leytenant rütbəsi alıb. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə zabit kimi xidməti borcunu yerinə yetirib. 2010-2015-ci illərdə BR-də işləyib. Bir müddət “AzərGold” QSC-də baş mühəndis olaraq çalışıb.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq 6 oktyabr tarixdən döyüşlərə qatılıb. Azərbaycan Ordusunun Baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 26 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. 28 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Əsgərov Rauf Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət ordeni” (ölümündən sonra) medalları ilə təltif edilib.
Nuray Əliyeva
