Vətən müharibəsi qəhrəmanı
Mirməhəmmədəli Tərlan oğlu Rzazadə 13 iyul 1997-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Əslən Lənkəran rayonunun Şilavar kəndindəndir. Uşaqlıqdan torpağa, kənd həyatına və ailə dəyərlərinə bağlı böyüyən Mirməhəmmədəli sadə kənd mühiti ilə formalaşan, təbiət və dostluq onun şəxsiyyətinin ilk əsaslarını qoyub.
Gənc yaşlarından vətənpərvərlik ruhu onun həyatında önəmli rol oynayıb 2015-2017-ci illərdə həqiqi hərbi xidmətə yollanan Mirməhəmmədəli burada silah və hərbi tərbiyə ilə tanış olub, qardaşlıq, intizam və vətənə bağlılıq anlayışlarını dərindən mənimsəyib.
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi zamanı o, könüllü olaraq döyüşlərə qatılıb. Cəbrayıl istiqamətində xidmət edən Mirməhəmmədəli Rzazadə 17 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaət, qorxmazlıq və vətənpərvərlik onu həm döyüş yoldaşlarının, həm də xalqın gözündə əbədiləşdirib.
Şəhidlikdən sonra Mirməhəmmədəli Rzazadə bir sıra dövlət mükafatları ilə təltif edilib: “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları onun fədakarlığını rəsmi şəkildə əbədiləşdirib. Ölümündən sonra onun xatirəsi həm vətənpərvər tədbirlərdə, həm də gənc nəslin tərbiyəsində yaşadılıb.
Mirməhəmmədəli Rzazadənin hekayəsi yalnız bir şəhidin tarixi deyil, həm də Vətən sevgisinin, fədakarlığın və qəhrəmanlığın simvoludur. O, kənddən qalxıb torpaqlarını qorumaq üçün canını fəda edən gəncin obrazıdır. Onun həyatı bizə göstərib ki, Vətən sevgisi yalnız sözlə deyil, çiyin üzərində daşınan missiya ilə də ölçülür.
Banuçiçək Məmmədova
