Vətən müharibəsi qəhrəmanı
Bəzən bir ömürlük qəhrəmanlıq bir neçə günün içində yazılır. Asif Talıblı da o qəhrəmanlardan olub, adı qısa ömrünə sığmayan, ruhu isə torpağa sığmayan bir igid.
Qəhrəmanımız Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub. Uşaqlıq illərindən sakit, təvazökar, amma vətənpərvər olub. Onun üçün Vətən sadəcə xəritədə bir məkan deyil, hər nəfəsində, hər baxışında Azərbaycanın nəfəsi olub.
O, həyatını sadə, amma dəyərli prinsiplərlə yaşayıb: dürüstlük, sədaqət, mərdlik. 2020-ci ilin sentyabrında müharibə başladıqda, Asif düşünmədən döyüşə yollanıb. O, qorxunun nə olduğunu bilməyib-yalnız “Vətən” deyilən müqəddəs kəlmənin gücü ilə addımlayıb.
Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə çavuş rütbəsi ilə fədakarlıq göstərib. Gecələr səngərdə yağış altında qalan, səhərlər yenidən döyüşə atılan o gəncin ürəyində yalnız bir arzu vardı: “Qələbə xəbərini görmək".
Lakin 12 oktyabr 2020-ci ildə Asif öz arzusuna ən ali formada çatıb, şəhidlik zirvəsində. O, Füzuli uğrunda gedən döyüşlərdə canını Vətənə əmanət edib.
Onun adı təkcə bir daş üzərində deyil, xalqın qəlbində də həkk olunub. Ölümündən sonra o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Amma ən böyük mükafat xalqın sevgisi, torpağın minnətdarlığı olub.
Banuçiçək Məmmədova
