Vətən müharibəsi qəhrəmanı
44 günlük Vətən müharibəsinin qəhrəmanları sırasında Anar Vaqif oğlu Əliyevin adı xüsusi ehtiramla çəkilir. O, ömrünü hərbi xidmətə, canını isə Vətən torpaqlarının azadlığına həsr edən igid zabitlərimizdən biri idi.
Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri doğma yurdun təbiəti, ailə dəyərləri və elmə olan maraqla yoğrulub. Lakin 1988-ci ildə başlayan Birinci Qarabağ müharibəsi onun uşaqlığını, minlərlə azərbaycanlı kimi, yarımçıq qoyub. Ailəsi ilə birlikdə Ağdərə rayonunun Həsənqaya sovetliyinə köçən Anar, Göyarx kəndində yerləşən Levonarx rus dilli məktəbdə təhsilini davam etdirib. Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirib.1993-cü ilə qədər bu məktəbdə təhsil alıb,1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirib, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil alıb.
Vətəninə olan sevgi və hərbi sahəyə maraq onu gənc yaşlarından orduya bağlayıb. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunması onun həyatında dönüş nöqtəsi olub. Daha sonra 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olaraq “qoşun kəşfiyyatı” ixtisası üzrə təhsil alıb. 2001-ci ildə ali təhsilini başa vurduqdan sonra Anar Əliyev Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində xidmətə başlayıb və bu illər ərzində özünü savadlı, peşəkar və nümunəvi zabit kimi təsdiq edib. 2012–2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etdirməsi onun bilik və bacarıqlarını daha da möhkəmləndirib.
2020-ci ilin payızında başlayan Vətən müharibəsi zamanı polkovnik-leytenant Anar Əliyev ön cəbhədə Tuğ və Xocavənd istiqamətlərində döyüşlərə rəhbərlik edirdi. O, hər anı ilə əsgərlərinə nümunə idi. Anar Əliyev döyüş meydanında göstərdiyi cəsarət və əzm ilə bölüyünə ruh, ordusuna inam verib. Lakin 21 oktyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən ağır döyüşlərdə açılan intensiv atəş və atılan əl qumbarası nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Həmin döyüşdə onunla birlikdə leytenant Adil Əfəndiyev də şəhid olub. Polkovnik-leytenant Anar Əliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin xatirəsi hər zaman ehtiramla yad olunur. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır. Eyni zamanda Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə də onun adı verilib. Bu, həm Anar Əliyevin xidmətlərinə verilən qiymətin, həm də gələcək nəsillərə örnək olmasının təzahürüdür.
Anar Əliyev ailəli idi, iki övladı yadigar qalıb. Onun ailəsi, dostları və silahdaşları onu həmişə Vətənini sevən, mərd, sadiq, təvazökar və insanpərvər bir zabit kimi xatırlayır.
Gövhər Mehyəddinova
