Vətən müharibəsi qəhrəmanı
Azərbaycan azadlığı və torpaqlarının bütövlüyü uğrunda canını fəda edən igidlərimizdən biri də Abbasov Seymur Adil oğludur. Abbasov Seymur 10 avqust 1999-cu ildə Cəlilabad rayonunun Buravar kəndində dünyaya göz açıb.
Orta təhsilini doğma kənd məktəbində alıb, uşaqlıqdan mehriban, ədalətli və sakit xasiyyəti ilə seçilib. O, ailəsinə bağlı, dostlarına sadiq, Vətəninə sevgi ilə dolu bir gənc idi. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi zamanı Seymur düşünmədən döyüş meydanına yollanıb. O, Azərbaycan Ordusunun əsgəri kimi Qubadlı istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Hər addımı, hər döyüşü onun qəlbindəki Vətən sevgisinin təzahürü olub.
Təəssüf ki, 29 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O gün o, bir canını verib bir xalqın gələcəyini qazanıb.
Şəhid Abbasov Seymur doğma torpağında-Cəlilabad rayonunun Buravar kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun məzarı bu gün kəndin, rayonun və bütün Azərbaycanın gəncləri üçün şərəf və qəhrəmanlıq dərsidir. 15.12.2020-ci ildə Seymur Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.12.2020-ci ildə Seymur Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Seymur Abasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Seymur Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova
