Vətən müharibəsi qəhrəmanı
Bu gün doğma Vətənimizin igid oğlu Baxşıyev Vahidin anım günüdür. O, 17 may 1999-cu ildə Xaçmaz rayonunun Bay-Oba kəndində dünyaya gəlib. Uşaqlıqdan sadəliyi, zəhmətsevərliyi, mərdliyi ilə seçilib. Bay-Oba kənd orta məktəbini bitirdikdən sonra həyat yolunu Vətənə xidmətlə bağlayıb və Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətə başlayıb. Subay idi, arzuları, planları vardı, lakin vətən sevgisi hər şeydən üstün tutuldu.
2020-ci ilin Vətən müharibəsi başlayanda Vahid tərəddüd etməyib. Torpaqlarımızı azad etmək, bayrağımızı yüksəltmək üçün cəbhəyə yollanıb. Mərdliyi, sədaqəti və yüksək döyüş ruhu ilə silahdaşlarına həm dayaq, həm də nümunə olub. 30 oktyabr 2020-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Doğulduğu kənd Bay-Obada torpağa tapşırılıb və bu torpaq onun adını qürurla yaşadır.
15.12.2020-ci il Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Vahid Baxşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Vahid Baxşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova
