Vətən müharibəsi qəhrəmanı-Bayramov Elvinin əziz xatirəsinə
Azərbaycanın azadlığı uğrunda canını fəda edən hər bir şəhid bu torpağın yaddaşına yazılan bir qəhrəmanlıq dastanıdır. Onlardan biri də Cəlilabad rayonunun Adnalı kəndindən olan şəhid Bayramov Elvin Elçin oğludur. Elvin 22 yanvar 1998-ci ildə Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində-Adnalı kənd tam orta məktəbində alıb. Oxumağa, öyrənməyə və düşünməyə həmişə meyilli bir gənc kimi tanınıb. Daha sonra Lənkəran Dövlət Universitetində ali təhsilini davam etdirib.
2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsi zamanı Elvin də minlərlə gənc kimi Vətən çağırışına səs verib. O, düşünmədən ordu sıralarına qoşulub və döyüş meydanında göstərdiyi igidliklə fərqlənib. Elvinin döyüş yolu Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində keçirib-o, burada Vətən uğrunda sonadək vuruşub.
Şəhid Bayramov Elvin Cəlilabad rayonunun Adnalı kənd qəbiristanlığında torpağa tapşırılıb. Təəssüf ki, 29 oktyabr 2020-ci ildə Seyidəhmədli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun adı həm kəndinin, həm də bütün Azərbaycanın fəxarətlə xatırladığı qəhrəmanlar sırasına yazılıb.25.12.2020-ci ildə Elvin Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. Elvin Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. Elvin Bayramov ölümündən sonra Vətən uğrunda" medalları ilə təltif olunub.
Gövhər Mehyəddinova
