00:00:00
Yazar
Admin User
06.11.2025 13:30 198 3 dəq oxuma
Sosial

Vətən müharibəsi qəhrəmanı-Fikrət Məmmədovun əziz xatirəsinə

Vətən müharibəsi qəhrəmanı-Fikrət Məmmədovun əziz xatirəsinə

Bu gün biz Fikrət Məmmədov Elşadın xatirəsini ehtiramla anırıq. 29 iyun 1997-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulan Fikrət, sadə bir ailənin övladı olaraq böyüyüb, orta təhsilini doğma kənd orta məktəbində tamamlayıb. Subay olan Fikrət gənc yaşından vətənpərvər ruhu ilə seçilib, Bakı Neft Qaz Mədən Avadanlıqları Zavodunda çalışaraq həm öz gələcəyini qurmağa, həm də cəmiyyətə töhfə verməyə çalışıb.

 

Vətən çağırışı ona hər zaman müqəddəs vəzifə kimi görünüb. Əsgər rütbəsi ilə xidmət edən Fikrət, döyüş yolunu Füzuli və Xocavənddə davam etdirərək ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edib. 

 

31 oktyabr 2020-ci ildə Şuşa istiqamətində düşmənlə döyüşə girən Fikrət, göstərdiyi şücaət və fədakarlıqla yadda qalıb, elə həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüş yolu Füzuli və Xocavənddə davam edib, 6 noyabr 2020-ci ildə Xocavənddə şəhid olub.

 

Noyabrın 12-də onun xatirəsi Ucar rayonunun Müsüslü kənd qəbiristanlığında dəfn edilib və bu gün də xalqımızın qəlbində yaşayır. Fikrət Məmmədov Elşadın həyatı və qəhrəmanlığı gənclərə vətənpərvərlik, cəsarət və fədakarlıq dərsi verir. Onun adı, əməlləri və ruhu hər zaman minnətdarlıqla xatırlanacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Qohumu, tanınan hüquqşünas Sahib Məmmədov şəhadətindən bir neçə gün sonra Fikrətin haqqında bunları yazıb:

 

"Ötən il noyabırın 16-da Fikrətin toyu idi. Atası Elşad məni də dəvət etmişdi. Bizim Müsüslü kəndindəki hazırda heç kəsin yaşamadığı evimizin həyətinə girmək üçün əvvəlcə ümumi darvazadan keçmək lazımdır. Bu darvazadan keçdikdən sonra dörd həyətə giriş var. Hamımız qohumuq. Həmin məhəllədə Fikrətin toy çadırı qurulmuşdu ötən il bu vaxt. Fikrətin adını babası qoymuşdu. Fikrətin özündən bir neçə yaş fərqi olan bacısı da var. Körpə vaxtlarında analarını itirdilər. Gənc anaları uzun sürən xəstəlikdən vəfat etmişdi.

 

Ramazan bayramında bizim zona qəbristanlğa gedib rəhmətə gedənlərini yad edirlər. 6-7 yaşlarında olan qardaş və bacının analarının məzar daşını qucaqlayıb acı-acı ağlamaları heç zaman gözümün önündən getmir.

 

Toyuna bir gün qalmış hamımızı şoka salan bir xəbər aldıq. Eyni həyətdə bizimlə qonşu olan əmioğlu Əlvan (Bakıda yaşayırdı) vaxtsız və qəflətən vəfat etmişdi. Əlvan bütün el-oba üçün əziz bir insan idi. Hamının xeyir-şərində birinci özünü çatdırardı. Belə alındı ki, bir həyətdə daha başqa çadır quruldu. Toy və hüzür çadırlarının arasında 50 metrdən az məsafə olardı. Fikrət xəbəri alan kimi toy çadırındakı və darvazadakı qırımızı parçaları "mənim bəxtim belədir" deyib açıb yerə atmışdı. Toya gələnlərin hamısı əvvəlcə hüzür yerinə gəlirdi, daha sonra toya. Musiqisiz, gülüşsüz, rəqs olmayan toya...

 

Səfərbərliyin ilk günlərində döyüşə getmişdi. Şuşa uğrunda döyüşlərdə ağır yara alıb. Mənə danışdılar ki, döyüş yoldaşlarına deyib ki, siz davam edin. Özü qalıb və şəhid olub. Neçə gün idi hamı ümid edirdi ki, bəlkə sağdır. Ümidimiz boşa çıxdı. Toyunun bir ili tamam olmağa bir neçə gün qalmış həmin həyətdə, həmin yerdə yenə çadır qurulmuşdu. Şəhid Fikrət Məmmədlini qarşılamaq üçün".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər