Vətən müharibəsi qəhrəmanı Fəryad Xəlilovun əziz xatirəsinə
Azərbaycan torpağı şəhidlərin qanı ilə azaddır, bayrağımız onların fədakarlığı sayəsində bu qədər ucalarda dalğalanır. Bu ucalığın, bu fədakarlığın bir parçası da Ağcabədinin igid oğlu, şəhid Fəryad Xəlilovdur. O, gəncliyinin ən parlaq çağında, Vətənə olan sevgisini sözlə deyil, əməli ilə göstərərək əbədiyyətə qovuşub.
Fəryad Xəlilov 1 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Hüsülü kəndində dünyaya göz açmışdı. Hüsülü kənd orta məktəbində təhsil alıb. Həmçinin, 10 yaşında olanda Hüsülüdəki yeddi illik musiqi məktəbinin piano şöbəsində təhsil almağa başlayıb.
O, sadəcə bir kənd oğlu deyildi-o, torpağın səsini eşidən, xalqının azadlıq istəyini anlayan bir gənc idi. 27 oktyabr 2020-ci ildə, Vətən müharibəsinin qızğın çağında, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O gün yalnız bir kənd, bir ailə yox, bütün Azərbaycan bir igidini itirib.
Şəhid Fəryad Xəlilovun cənazəsi doğma yurdunda-Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub. Onu son mənzilə aparan zaman kəndin hər küncündə “Vətən sağ olsun!” nidaları yüksəlib.Hər bir baxışda həm kədər, həm də qürur vardı,çünki Vətən oğlunu itirmişdi, amma qəhrəman qazanıb.
15.12.2020-ci ildə Fəryad Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.12.2020-ci ildə Fəryad Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Fəryad Xəlilov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Fəryad Xəlilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.
Onun adı bu torpağın yaddaşına, xalqının qəlbinə əbədi yazılıb.Hər il oktyabrın 27-də Hüsülü kəndinin səmasında səssiz bir hüzün dolaşır-bu, şəhidin ruhunun doğma yerlərə baxışıdır, xalqının onu unutmadığının sübutudur.
Şəhidlər heç vaxt ölmür. Onlar torpağın ruhuna, bayrağın rənginə, xalqın yaddaşına çevrilirlər. Fəryad Xəlilov da həmin ölməz ruhlardan biridir-adı gələcək nəsillərə həm igidlik, həm vətənpərvərlik nümunəsi kimi çatacaq.
Gövhər Mehyəddinova
