Vətən müharibəsinin 9-cu günü:Hadrut qəsəbəsinin azad olunması
Vətən müharibəsinin doqquzuncu günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan günlərdən biri olub.
Mövzu ilə əlaqədar olaraq Vətən müharibəsi qəhrəmanı kiçik çavuş Əfqan Zamanov "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycan ordusu bu qələbəyə inanırdı:
"Hadrutun azad olunması haqqında belə deyə bilərəm ki, Hadrutun azad olunması bizim üçün çox böyük mənəvi və hərbi əhəmiyyət daşıyırdı. Bu qələbə həm düşmənin müqavimətini qırdı, həm də ordumuzun gücünü bir daha göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir.
Hadrutun alınması həm ordumuzun strateji cəhətdən güclənməsinə gətirib çıxartdı. Vacib bir ərazini ələ keçirdik, geri qaytardıq. Növbəti əməliyyatlara, döyüş mövqelərinə, döyüş yollarına yol açıldı.
Amma ən əsası, illərlə işğal altında qalmış torpağımızın azad olunduğunu görmək bir azərbaycanlı üçün və Azərbaycan vətəndaşı olaraq mənim üçün başqa bir fəxr idi. Orada olmaq, o torpaqlarda az da olsa, çox da olsa fərqi yoxdur zəhmət çəkmək, əziyyət çəkmək başqa bir fəxrdir.Hadrutun azad olunması döyüşlərin gedişatında çox böyük bir dönüş nöqtəsi oldu. Bu da bir Şuşa kimi bir dönüş nöqtəsidir, həqiqətən. Bu qələbə həm ordumuza, həm xalqımıza, millətimizə böyük ruh yüksəliyi verdi. Əsgərlərimizin inamı daha da artdı, inamı daha gücləndi. Düşmənin isə mənəvi gücü sındı. Onlar artıq bizdən qorxurdular, amma daha əmin olaraq qorxurdular ki, o deyil. Hadrutun alınmasından sonra biz artıq bildik ki, qələbə elə də uzaq deyil, elə də bizim üçün uzun yol olmayacaq. Əziyyətli yol olacaq, amma elə də uzun yol olmayacaq. Çünki qələbənin artıq qoxusu gəlirdi. Belə, bu əməliyyat isə, bu Hadrut əməliyyatı, növbəti uğurlu döyüşlərə yol açdı. Və içimizdə bir səs gəlirdi ki, biz mütləq qalib gələcəyik".
Eyni zamanda qəhrəman bildirib ki, bu qələbə vətənimizdə böyük qürur və fəxarət hissi yaşadıb:
"Hadrut əməliyyatı zamanı Azərbaycan ordusu çox ağıllı və çevik taktikalardan istifadə eləmişdi. Yəni ki, həqiqətən də orada bizim əsas üstünlüyümüz koordinasiyalı hərəkət etməkdir, düzgün planlaşdırma və bir əsgərin öz vəzifəsini dəqiq yerinə yetirməsidir. Düzdür, texnikamız və pilotsuz uçuş aparatlarımız var ki, Bayraktar kimi, əməliyyatda böyük rol oynadı, amma məncə ən böyük üstünlüyümüz əsgərin ruh yüksəkliyi idi və inamı idi ki, biz bilirdik ki, Vətən, torpaq uğrunda döyüşürük. Və bu inam heç bir texnikadan zəif deyil, əksinə, daha güclü idi.Hadrutun azad olunması həm orduda, həm xalq arasında inanılmaz sevincə gətirib çıxartdı, qürur hissi yaşatdı. Böyük bir inam qazandıq bu qələbə ilə. Ondan sonra hər kəs başa düşdü ki, qələbə, bayaq dediyim kimi, çox da uzaq ola bilməz yaxındır. Əsgərlərimiz daha da ruhlandılar. Həm böyük bir güvən yarandı. Biz bacaracağıq güvəni. Xalqda bir inam yarandı ki, əsgərlərimiz bacaracaq. Yəni ki, belə bir düşüncə daha da gücləndi. Xalqın dəstəyi də daha da çox artdı. Hər evdə sevinc göz yaşları var idi. Hər evdə bir qələbə sevinci var idi.
Yəni bizim bu döyüş zamanı dostlarımızdan eşitdiyimiz sözlərdən, onların yerlərində olan alı havalardan, bizə gələn məlumatlardan sonra bu fikir məndə yaranıb. Biz hiss edirdik ki, yəni ki, bütün Azərbaycan arxamızdadır. Mən daha belə deyərdim ki, bütün Azərbaycan səfərbərdir. Bütün Azərbaycan döyüşür. Bu da bizə daha çox güc verirdi.Biz döyüşə gedəndə ilk dəfə bir balaca qız maşının qabağını kəsmişdi, balaca idi özü , qırmızı alma tutmuşdu əlində, çıxdı qarşımıza, maşına tərəf uzatdı almanı. Mənim onda gözlərim doldu. Dedim: Qələbəni qazanmışıq. Ad verilib, sadəcə olaraq qeyd etmək lazımdır. Mən artıq uşağın gözündə olan işığı gördüm və əmin oldum.
Allah cəmi balalarımızı qorusun, gələcəyimizi qorusun, Azərbaycan ordusunu qorusun. Azərbaycan qeyrətli oğullarını, xanımlarını qorusun".
Arzu Poladova
