Vətəndaşdan Sarkisyana təklif: Konstitusiyanı yox, özünü dəyiş
Bu gün səhər tezdən Ermənistan prezidenti Serj Sarkisyanın şəxsi evinin qarşısında Proşyan küçəsində yerləşən evindən məhrum olmuş yaşlı bir vətəndaş ona yaxınlaşaraq şikayət edib.
İnformator Ermənistan mətbuatına istinadən xəbər verir ki, vətəndaş prezidentə 3 dəfə ona kağız verdiyi, şikayət etdiyini deyib, lakin məhkəmənin imtina etdiyini bildirib. Serj Sarkisyan isə vətəndaşın sözünü kəsərək “İndi nə istəyirsən? Mən məhkəmə deyiləm. Məhkəmənin əvəzinə nə deyim” sözləri ilə cavab verib.
Vətəndaş ölkə prezidentinə məhkəmə sisteminin işləmədiyini bildirdikdə, Serj Sarkisyan: “mümkündür” deyə cavab verib. Bu cavab isə vətəndaşı olduqca hiddətləndirib və özündən çıxarıb. Vətəndaş prezidentə “necə yəni mümkündür?” deyə sual etdikdə, Serj Sarkisyan:-“Konstitusiya dəyişəcək, məhkəmə də işləyəcək” deyə cavab verib.
Buna cavab olaraq isə vətəndaş ölkə prezidentinə “Siz özünüzü dəyişin. Bizim ailənin yarısı artıq ölkəni tərk edib. Mən nə edim? İstəyirsiz biz terrorist olaq? Ölkəni talan edirsiniz xalqın nəyi varsa əlindən alarsız. Əgər elə danışırsınızsa, mənim itirməyə heç nəyim yoxdur. Ay prezident, siz özünüzü dəyişin, konstitusiyanı yox” deyə cavab verib. Serj Sarkisyan avtomobilə minib uzaqlaşdıqdan sonra da vətəndaş bir neçə dəqiqə onun arxasınca qışqıraraq təhqiramiz fikirlər səsləndirib.
Onun bildirdiyinə görə, on ildir ki məhkəmələrdə sürünür, lakin evini geri ala bilmir.
Tərcümə etdi: İSMAYIL TANRIVERDİ BDU-nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi
