Vətəndaşın məlumatı düzgün qavraması və dezinformasiyaya qarşı tədbirlər
Bu gün ölkə üzrə Media savadlılığı həftəsi çərçivəsində maarifləndirici tədbirlər, təlimlər və müzakirələr keçirilir. Məqsəd vətəndaşların informasiyanı düzgün qavrama bacarıqlarını gücləndirmək, saxta xəbərlərin və dezinformasiyanın yayılmasının qarşısını almaqdır.
Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli “İnformator.az”a açıqlamasında bildirib ki, media savadlılığı vətəndaşlara məlumatın mənbəyini, məqsədini və etibarlılıq səviyyəsini düzgün dəyərləndirməyi öyrədir:
“Faktla şərhi ayırd etmə bacarığı formalaşır. Bu isə emosional və manipulyativ məzmunun təsirinə düşməməyə kömək edir. İstifadəçilər paylaşılan xəbərləri dərhal qəbul etmir, alternativ mənbələrlə yoxlayır, məlumatı paylaşmazdan əvvəl düşünürlər. Təəssüf ki, cəmiyyətimizdə bu sahədə hələ də ciddi boşluqlar mövcuddur. Media savadlı vətəndaş, ailə, iş və ictimai müzakirələrdə daha peşəkar mövqe tutur və yanlış informasiyanın yayılmasına töhfə vermir. Belə vətəndaş artıq yanlış informasiya daşıyıcısı və paylaşan tərəf olmur. Buna görə də media savadlı vətəndaşı olmaq olduqca vacibdir”.
Dezinformasiyaya qarşı mübarizədə praktik üsullara toxunan ekspert bildirib ki, faktların müqayisəsi və mənbələrin yoxlanılması əsas vasitələrdəndir:
“Paylaşımı edən hesabın etibarlılığına, məlumatın tarixinə, başlığın sensasion olub-olmamasına diqqət yetirmək lazımdır. Fakt yoxlama platformalarından istifadə isə ən mühüm alətlərdəndir. İstifadəçilərin paylaşım mədəniyyəti dezinformasiyanın yayılmasında həlledici rol oynayır. Paylaşmazdan əvvəl düşünmək, şübhəli məzmunu şikayət etmək və alqoritmlərin emosional reaksiyalara əsaslanan məzmunu önə çıxardığını dərk etmək yanlış məlumatın yayılma sürətini azaldır”.
Media savadlılığının sistemli şəkildə artırılmasının vacibliyini vurğulayan Səbinə İzzətli bildirib ki, bu sahədə dövlət, media və cəmiyyət birgə məsuliyyət daşıyır:
“Dövlət səviyyəsində media savadlılığı üzrə milli strategiya hazırlanmalı, məktəblərdə yaşa uyğun tədris proqramları tətbiq edilməlidir. Media qurumları etik jurnalistika prinsiplərinə əməl etməklə etibarlı informasiya mühiti formalaşdırmalıdır. Vətəndaşlar passiv informasiya istehlakçısı deyil, aktiv iştirakçı olmalıdır. İnformasiya bacarıqlarını inkişaf etdirməli, tənqidi düşüncəni gücləndirməli və media qurumlarından keyfiyyətli məzmun tələb etməlidirlər. Qarşılıqlı məsuliyyət media savadlılığının formalaşmasının əsas şərtidir”.
Fatimə Hüseynli
