00:00:00
Yazar
Banuçiçək Məmmədova
19.04.2026 16:41 22 2 dəq oxuma
Siyasət

Vuçiç İlham Əliyevə zəng edib

Vuçiç İlham Əliyevə zəng edib

Serbiya Prezidenti Aleksandr Vuçiç aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə ediblər.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Aleksandr Vuçiç ölkəsinin Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf etdirmək əzmini bir daha vurğulayıb.

Aleksandr Vuçiç bütün bunları ölkələrimiz arasında güclü tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib. Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.

Telefon danışığı zamanı Serbiyanın "Airserbia" şirkətinin mayın 3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların həyata keçiriləcəyindən məmnunluq bildirilib, bunun xalqlarımızın yaxınlaşdırılması və iqtisadiyyatlarımızın, o cümlədən turizm potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.

Dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsas şərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyini bir daha qeyd ediblər.

#i̇lham #azərbaycan #edib #əliyevə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər