Vuçiç: “Rusiyaya sanksiya Serb xalqına xəyanət olar”
Aleksandar Vuçiç bildirib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmaq Serbiya üçün “xalqın ruhuna xəyanət” olardı.
O, Informer TV kanalına müsahibəsində deyib:
“Əgər Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydi, məni dünyanın ən böyük demokratik lideri elan edərdilər”.
Vuçiç əlavə edib ki, belə bir qərar ölkə daxilində etirazlara səbəb olmayacaqdı, lakin buna baxmayaraq Serbiya bu addımı atmayıb. Onun sözlərinə görə, Belqrad Rusiyaya sanksiya tətbiq etməməklə “bir çox imkanları qaçırıb”, lakin bu qərar prinsipial mövqedən irəli gəlib:
“Amma mən xalqımızın ruhuna xəyanət edə bilməzdim”.
Prezident xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Milli Təhlükəsizlik Şurasının iclasının ardınca xalqa müraciət edərək Belqradın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan edib.
Vuçiç həmçinin bildirib ki, Serbiya həm Rusiya, həm də Ukrayna xalqlarını “qardaş xalqlar” hesab edir və regionda baş verən hadisələrdən təəssüf hissi keçirir. O əlavə edib ki, ölkəsi Kiyevə humanitar yardım göstərməyə hazırdır.
Tass
Nuray Əliyeva