WSJ: ABŞ administrasiyası İranla müharibəni 2029-cu ilədək uzadacaq
ABŞ-İran müharibəsi uzunmüddətli xarakter ala, atəşkəs və yenidən başlayan qarşıdurmalarla 2029-cu ilə qədər uzana bilər.Bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazıb.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Trampın müharibənin gələn ilə qədər, hətta 2029-cu ilə qədər davam edə biləcəyi ilə bağlı açıqlamaları reallığa çevrilə bilər:
“Lakin burada əsas məsələ müharibənin hansı formada davam etməsidir. Müharibə klassik formada uzunmüddətli olmaya, hibrid xarakter daşıya, dronlarla davam edə və müəyyən fasilələrlə yenidən başlaya bilər. Atəşkəslərin elan olunması və sonradan döyüşlərin bərpa edilməsi də mümkündür. Bu baxımdan, müharibənin 2029-cu ilə qədər uzanması istisna edilmir”.
Politoloq qeyd edib ki,müharibənin uzanması həm müəyyən ölkələrə fayda verə, həm də ciddi iqtisadi zərər yarada bilər:
"Hazırda neftin 100 dollardan yuxarı qalxması Yaxın Şərq ölkələri ilə yanaşı, Avropada da iqtisadi problemləri artırıb. Enerji resurslarının bahalaşması və logistika yollarının bağlanması dünya iqtisadiyyatına mənfi təsir göstərir.ABŞ da müharibəyə milyonlarla dollar vəsait xərcləyib və bu, büdcə üçün ciddi yükdür. Digər tərəfdən, fond bazarlarında baş verən dəyişikliklərdən müəyyən gəlirlər əldə etmək mümkündür. Buna görə də hazırda müharibənin ABŞ üçün yaratdığı itkilərlə əldə olunan gəlirlər arasında balansı tam müəyyənləşdirmək çətindir".
Ramiyə Mamedovanın sözlərinə görə,Trampın müharibənin bitməsi ilə bağlı verdiyi vədlər və açıqlamalar müəyyən qədər özünü qalib kimi göstərmək cəhdi də ola bilər:
"ABŞ hazırda İranı kapitulyasiyaya məcbur etməyə çalışır, lakin hələlik buna nail olmayıb. Tramp isə İranın məğlub olduğunu göstərərək özünə yeni qələbə imici formalaşdırmağa çalışır".
Nurgün Qənizadə