WUF13-dən şəhərlərin maliyyə dayanıqlığı ilə bağlı çağırış
WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində dayanıqlı urbanizasiya və şəhər iqtisadiyyatının gücləndirilməsi ilə bağlı dünya parlamentlərinə çağırış edilib. Müraciətdə qanunverici orqanların şəhərlərin maliyyə dayanıqlığının artırılmasında daha fəal rol oynamasının vacibliyi vurğulanıb.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında qeyd edib ki, bu tip forumlar əsasən bilik və təcrübə mübadiləsi platformasıdır:
“WUF13 çərçivəsində şəhərsalma, investisiya imkanları, idarəetmə modelləri və müxtəlif ölkələrin təcrübələri müzakirə olunur, şəbəkələşmə imkanları yaranır və ev sahibi şəhərin tanıdılması baxımından müəyyən üstünlüklər əldə edilir.
Bu cür tədbirlər adətən xidmət sektoru və turizm üçün qısamüddətli canlanma yaratsa da, Azərbaycanda keçirilən əvvəlki beynəlxalq forumların iqtisadi nəticələri gözlənilən səviyyədə olmayıb. Bəzən bu cür tədbirlər inzibati idarəetmə fonunda əlavə xərclərə və hətta dolayı zərərlərə də yol aça bilir. WUF13 kimi forumlarda qəbul edilən qərarlar əsasən tövsiyə xarakteri daşıyır və hüquqi baxımdan məcburi öhdəliklər yaratmır. Forumun sonunda imzalanan bəyannamə və memorandumların icra mexanizmləri zəif olur, ölçülə bilən və monitorinq edilə bilən öhdəliklər formalaşmır. Bu səbəbdən də əvvəlki forumların çağırışları üzrə real hesabatlılıq mexanizmləri müşahidə olunmayıb”.
Ekspertin sözlərinə görə, mövcud qlobal şəraitdə müharibələr, enerji bazarındakı qeyri-müəyyənliklər, inflyasiya və iqlim dəyişiklikləri fonunda ölkələrin və şəhərlərin prioritetləri bu cür forumların gündəliyindən daha sürətlə dəyişir:
“Dəniz səviyyəsinin qalxması, iqlim riskləri və enerji təhlükəsizliyi bir çox ölkələr üçün daha təcili məsələlərə çevrilib. Azərbaycan kontekstinə toxunan iqtisadçı bildirib ki, ölkədə şəhərsalma sahəsində əsas problem mərkəzləşmiş idarəetmə modelidir. Şəhər merlərinin səlahiyyətlərinin məhdud olması, planlı inkişafın olmaması və pərakəndə tikinti ciddi problemlər yaradır. Xüsusilə şəhərətrafı ərazilərdə infrastrukturun səmərəsiz qurulması, torpaq və enerji israfı, kommunal xidmətlərin baha və keyfiyyətsiz olması şəhər iqtisadiyyatına mənfi təsir göstərir. Bu problemlərin həlli üçün bahalı forumlardan daha çox, sadə və effektiv qaydaların tətbiqi vacibdir. Azərbaycanda əsas çatışmazlıq kadr yox, siyasi və institusional niyyət çatışmazlığıdır. Sektorlararası koordinasiyanın zəif olması isə şəhərsalma sahəsində mövcud problemləri daha da dərinləşdirir”.
Ayşə Müzəfərli
