WUF13: Strateji tərəfdaşlıq inkişaf edir-ŞƏRH
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Qırğızıstan prezidentinin WUF13-ə qatılması beynəlxalq konfransa qlobal marağı ifadə edən əhəmiyyətli faktlardan biridir:
"Müxtəlif ölkələrin Bakıdakı WUF13 konfransına maraq göstərməsi, dövlət və hökumət başçıları səviyyəsində iştirakın gerçəkləşməsi həm bu konfransın özünün unikallığını və əhəmiyyətini nümayiş etdirir. Bu, eyni zamanda dünya dövlətlərinin şəhərsalma mədəniyyətinə və onun müasir problemlərinin həllinə necə maraq göstərdiklərini ifadə edir. Artıq uzun müddətdir ki, möhkəm, dayanıqlı və təhlükəsiz şəhərlərin, yaşayış məskənlərinin salınması insanların fundamental hüquqlarından biri kimi dəyərləndirilir. Bu məsələ artıq BMT-nin Bakı konfransında da, WUF13 konfransında da bəzi BMT rəsmiləri tərəfindən açıq şəkildə ifadə olunub. Həqiqətən də insanların təhlükəsiz və dayanıqlı mənzillə təmin olunması insan haqlarının inkişaf etdirilməsində və möhkəmləndirilməsində mühüm amillərdən biridir. Qırğızıstan Azərbaycanın strateji tərəfdaşlarından biridir. Həm Orta Dəhlizin gerçəkləşməsi, Mərkəzi Asiya, Azərbaycan, türk dövlətlərinin inteqrasiyası və digər müstəvilərdə Qırğızıstan Azərbaycanın mühüm tərəfdaşlarından biridir".
Həmçinin politoloq qeyd edib ki, Qırğızıstan inkişafa meyilli, böyük iqtisadi potensialı olan və müasir yaşayış məskənlərinin, şəhərlərinin salınmasında həm öz təcrübəsini bölüşməyə, həm də başqalarının təcrübəsindən bəhrələnməyə meyilli bir ölkədir:
"Buna görə də Qırğızıstan prezidentinin bu tədbirə qatılmasını həm WUF13 konfransına olan marağın təzahürü kimi qəbul etmək lazımdır, həm də Qırğızıstanın özünün də şəhərsalma proseslərinə töhfə vermək istəyi kimi başa düşmək lazımdır. Qırğızıstan prezidentinin bu konfransda iştirakı həm də Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına öz töhfəsini verəcək. Çünki bu cür konfranslarda xarici dövlət başçılarının iştirakı həm ümumi aktual gündəmin əsas müzakirəsinə töhfələr verir, həm də ikitərəfli münasibətlərin yeni səhifəsinin açılması üçün bir fürsətdir. Bu mənada Qırğızıstan və Azərbaycan prezidentlərinin görüşü, müzakirəsi eyni zamanda iki ölkənin də münasibətlərində sözsüz yeni mərhələnin əsasını qoymuş olacaq".
Günel Əlilli