Xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm sərgisi keçirilib
“Rənglərin dili ilə” adlı sərgidə Nərmin Hümbətzadə, Lalə Həsənova, Nigar Məmmədova, Əli İsgəndərli, Vüsal Salmanlı və Nihad Vəliyevin əsərləri nümayiş etdirilib.
“Rənglərin dili ilə” adlı sərgidə Nərmin Hümbətzadə, Lalə Həsənova, Nigar Məmmədova, Əli İsgəndərli, Vüsal Salmanlı və Nihad Vəliyevin əsərləri nümayiş etdirilib.
Təhsil Nazirliyindən İnformator-a verilən məlumata görə, 3 gün davam edən sərginin təşkilində məqsəd xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsindən ibarətdir.
Sərginin açılış mərasimində Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Yaradıcılıq Mərkəzinin rəhbəri Lalə Qəti, “Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, “Uluslararası Aktivist Sanatçılar Birliyi”nin Azərbaycan üzrə nümayəndəsi Nevai Metin, həmçinin müəllimlər və valideynlər iştirak ediblər.
Sərgidə “Rəsm” studiyasının rəhbəri Nərmin Abdullayevanın yetirmələrinin 60-a yaxın rəsm işi – milli və müasir üslubda işlənmiş kompozisiyalar, portretlər, təbiət rəsmləri, dekorativ kompozisiyalar nümayiş olunub. Rəsm işləri rəngkarlıq və qrafika janrlarında işlənib.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan bu uşaqlar müxtəlif rayon, şəhər, respublika, həmçinin beynəlxalq miqyaslı uşaq rəsm müsabiqə və sərgilərində iştirak edib, diplom və fəxri fərmanlar qazanıblar.
