X, Y və Z nəsilləri arasında dünyagörüşü fərqləri- Sosioloq əsas səbəbləri açıqladı
X, Y və Z nəsillərinin eyni cəmiyyətdə yaşaması onların dünyagörüşü, həyat tərzi, texnologiyaya münasibəti və milli-mənəvi dəyərlərlə bağlı yanaşmalarında müəyyən fərqlərin yaranmasına səbəb olur. X nəsli daha çox texnologiyanın geniş yayılmadığı dövrdə böyüyübsə, Z nəsli rəqəmsal dünyanın içində formalaşıb. Y nəsli isə bu iki nəsil arasında keçid rolunu oynayır.
Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, X, Y və Z nəsillərinin eyni dövrdə yaşaması çoxsaylı fikir ayrılıqları yaradır:
“X, Y və Z nəsillərinin eyni dövrdə, müasir cəmiyyətdə yaşaması onların bir-birinə münasibəti, dünyagörüşləri və həyat tərzləri ilə bağlı çoxsaylı suallar doğurur. Mən belə düşünürəm ki, X nəslinə əsasən 1960–1980-ci illərdə doğulan insanları aid edirlər. Bu gün Z nəslinin nümayəndələri artıq X nəslini yaşlı nəsil kimi qəbul edirlər. Orta nəsil kimi isə Y nəslini götürmək olar. Y nəsli əsasən 1980–1990-cı illərdə doğulan insanları əhatə edir. Onların uşaqlıq və gənclik dövründə texnologiyanın qapıları artıq açılmışdı, həyatımıza internet daxil olmağa başlamışdı. Ancaq üçüncü nəsil-Z nəsli əsasən 1990-cı illərin ortalarından 2010-cu illərin ortalarına qədər doğulan insanları əhatə edir. Onlar birbaşa texnologiyanın, internetin və rəqəmsal dünyanın içində doğulublar. Ona görə də burada müəyyən fikir ayrılıqlarının olması təbiidir. Mən hesab edirəm ki, X və Z nəsilləri arasında fikir ayrılıqları Y nəsli ilə müqayisədə daha çoxdur. X nəsli texnologiyanın geniş yayılmadığı dövrdə yaşayıb, böyüyüb, məktəbə gedib. Ətraflarındakı əsas informasiya və əyləncə vasitələri televiziya, radio və çap mediası idi. İnternet həyatımızda yox idi. Həyat daha sakit və aram gedirdi. İnsanlar tələsmirdilər. Heç nə “bunu bu dəqiqə etməsəm, sabah gec olacaq” prinsipi ilə baş vermirdi. Onların daha arxayın, daha sakit həyatları olub. İstədikləri vaxt televizora baxa, radio dinləyə bilirdilər. Məktəbə sərbəst gedib-gəlirdilər. Yəni heç bir sürət onları təqib etmirdi. Z nəsli isə texnologiya dövründə doğulduğu üçün sürətli həyata üstünlük verir. Onlar sürətə, operativliyə və əlçatanlığa öyrəşiblər. X nəsli daha sakit və aram həyat tərzinə üstünlük verirdisə, Z nəslinin nümayəndələri sürətli həyatın içində böyüyüblər”.
Sosioloq qeyd edib ki, X və Z nəsilləri arasındakı əsas fərqlərdən biri də adət-ənənələrə münasibətlə bağlıdır:
“X nəsli adət-ənənələrə daha çox üstünlük verir. Çünki onlar həmin dəyərlərin içində doğulub böyüyüblər. 1960-cı illərdən bu günə qədər milli-mənəvi dəyərlərimiz nə qədər dəyişib və müəyyən mənada assimilyasiyaya məruz qalıb. Müasir dövrdə isə texnologiyanın inkişafı, insanların sürət arxasınca qaçması, vaxtlarının böyük hissəsini telefon və kompüterlərdə keçirməsi onları əvvəlki dövrlərdən müəyyən qədər uzaqlaşdırır. Buna görə də Z nəsli bizim “olmazsa olmaz” kimi qəbul etdiyimiz bəzi adət-ənənələri və dəyərləri X nəsli qədər qavramır və tətbiq etmir. Bu da nəsillər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olur. Ortaq Y nəsli isə həm X nəslinin davamçısıdır, həm də Z nəslinə yol göstərən nəsildir. Y nəsli ortaq xətdə dayanır. Onlar həm X nəslindən adət-ənənələri, ailə və mənəvi dəyərləri, həyata baxışı götürüb gətirirlər, həm də bunları Z nəslinə ötürməyə çalışırlar. Z nəsli isə bəzən bunları qəbul edir, bəzən isə qəbul etmir. Ona görə də bu gün cəmiyyətimizdə əsas çətinliklərdən biri Y nəslinin üzərinə düşür. Çünki onlar keçmişdən gələn dəyərləri müasir dövrə ötürməyə çalışırlar və bəzən bununla bağlı çətinliklərlə üzləşirlər. Ancaq Z nəslinin yalnız mənfi xüsusiyyətlərindən danışmaq düzgün olmaz. Onların milli musiqimizə marağını xüsusi qeyd etmək istəyirəm. Bu gün klassik və milli musiqiyə marağın yaşadılmasında Z nəslinin nümayəndələrinin də böyük rolu var. Onların milli musiqiyə böyük maraq göstərdiyini, konsertlərə getdiyini müşahidə edirik. Mən bunu dəfələrlə müşahidə etmişəm. Öz övladlarım Z nəslinin nümayəndələri olduğu üçün bunu onların timsalında da görürəm. Onlar klassik musiqinin vurğunudurlar. Bu, çox gözəl keyfiyyətdir və müsbət haldır. X nəsli isə həmin musiqilərin əhatəsində böyüyüb. Biz onların içində idik, onları dinləyirdik və müəyyən mənada onlardan doymuşduq. Z nəslinin isə həmin mühitdən kənarda böyüməsinə baxmayaraq, bu musiqilərə böyük dəyər verməsi həqiqətən maraqlı və təqdirəlayiq haldır. Bu, onların milli genofondumuza verdiyi qiymətdən və dəyərdən irəli gəlir”.
Sosioloq Z nəslinin texnologiya ilə bağlı üstünlüklərinə də diqqət çəkib:
“Z nəslinin digər üstün cəhəti texnologiyanı daha yaxşı mənimsəməsidir. Kompüter, telefon və digər rəqəmsal texnologiyalardan istifadə baxımından onlar X və Y nəsillərindən daha çevikdirlər. Dünyada baş verən xəbərləri daha sürətlə izləmək, məlumat əldə etmək və yeni texnologiyaları mənimsəmək onların üstün xüsusiyyətlərindəndir. X və Y nəsillərində isə bu proses müəyyən qədər daha yavaş gedib. X nəslinin nümayəndələri ailə dəyərlərinə daha çox üstünlük verirdilər. Valideynlərlə bir yerdə yaşamaq, böyük ailə şəklində həyat sürmək daha geniş yayılmışdı. Z nəslində isə bu tendensiya o qədər güclü deyil. Onlar böyüdükdən, gənclik dövrünə çatdıqdan sonra ailədən ayrılmağa, ayrıca yaşamağa və müstəqil ev qurmağa daha çox üstünlük verirlər. Gələcəkdə ailə qurduqdan sonra da valideynlərlə bir evdə yaşamaq istəməyənlərin sayı daha çoxdur. X nəsli qohumluq münasibətlərinə, ailə tədbirlərinə, toy və yas mərasimlərinə daha çox əhəmiyyət verirdi. Məsələn, ailələr toy mərasimlərinə böyüklü-kiçikli, hətta bir yaşlı uşaqları belə aparırdılar. Bu, normal qəbul olunurdu. Əslində, bunun müsbət tərəfi də var idi. Çünki uşaq həmin mühitdə toyun nə olduğunu görür, qohumluq münasibətlərini öyrənir, böyüdükcə kimin onun xalaoğlu, dayıoğlu, bibiqızı olduğunu və qohumların toyunda iştirak etməyin vacibliyini anlayırdı. Ancaq indi uşaqları toylardan müəyyən qədər uzaqlaşdırırıq. “İki nəfər gəlməlidir”, “iki nəfərlik yer ayrılıb”, “bir nəfər dəvət olunub” kimi yanaşmalar geniş yayılıb. Bu da X və Z nəsilləri arasındakı fərqlərdən birini ortaya çıxarır. Nəticədə uşaqlar dayıoğlunun, xalaoğlunun, bibiqızının toyuna əvvəlki nəsillər qədər əhəmiyyət verməyən bir nəslə çevrilirlər. X nəsli qonşuluq və qohumluq münasibətlərinə daha çox üstünlük verirdi. Ancaq bu gün Z nəslinin nümayəndələri arasında qonşularla ünsiyyətin daha zəif olduğunu müşahidə edirik. Bəzən insanlar eyni binada yaşayır, eyni liftdə qarşılaşır, amma bir-birlərinə salam belə vermirlər”.
Sosioloq bildirib ki, Y nəsli iki fərqli dövr arasında daha böyük məsuliyyət daşıyır:
“Y nəsli isə X nəslindən götürdüyü dəyərlərlə yaşayır və eyni zamanda Z nəslinə ayaq uydurmağa çalışır. Çünki yalnız əvvəlki nəslin idealları ilə yaşamaq müasir cəmiyyətdə mümkün deyil. Eyni zamanda Z nəslinə tamamilə uyğunlaşmadan da müasir cəmiyyətin bir parçası olmaq çətindir. Ona görə də mən Y nəslini bu gün daha çox yüklənmiş nəsil hesab edirəm. Onların çiyinlərində daha çox məsuliyyət var. Çünki Z nəslinin valideynləri əsasən Y nəslinin nümayəndələridir. Onları əvvəlki dövrün qaydaları və prinsipləri ilə tərbiyə edib cəmiyyətə hazırlamaq artıq əvvəlki qədər asan deyil. Bu gün valideynlər uşaqlarına öz uşaqlıqlarında oynadıqları oyunlardan danışanda uşaqlar təəccüblənirlər: “Belə oyunlar olub?” Qonşuluq münasibətlərindən, dostluq münasibətlərindən danışanda da eyni sualı verirlər: “Yəni belə şeylər olub?”. Bütün bunlar nəsillər arasındakı fərqləri göstərir. Bu fərqlərin yaranması real və təbii prosesdir. Çünki dövrümüz dəyişib. Biz artıq sakit, texnologiyasız dövrdən internet və rəqəmsal dövrə keçmişik. Bu da bizə fərqli həyat tərzini diktə edir. Amma biz öz doğrularımızdan heç vaxt uzaqlaşmamalıyıq. Milli kimliyimizin, qədimliyimizin və müasirliyimizin bir yerdə harmoniya təşkil etməsi vacibdir. Biz hansı dövrün insanı olmağımızdan asılı olmayaraq, Azərbaycan cəmiyyətinin üzvləriyik. X nəsli Y nəslinə, Y nəsli Z nəslinə təsir edə-edə irəliləməlidir. Z nəsli də özündən sonra gələcək nəslə təsir göstərməli və müsbət dəyərləri ötürməlidir. Söhbət milli-mənəvi dəyərlərimizdən, ailə dəyərlərimizdən, cəmiyyətdə özümüzü aparmaq qaydalarımızdan gedir. Azərbaycan insanı Qafqazın digər xalqlarından da, Avropa cəmiyyətlərindən də müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Bunların hamısı bizim köklərimizdən irəli gəlir. Hər bir xalq öz kökü üzərində inkişaf edir. Onun övladları da həmin kökdən gələn xüsusiyyətləri daşıyırlar. Bizim övladımız nə qədər avropalaşsa, nə qədər müasirləşsə də, heç vaxt tamamilə başqa bir cəmiyyətin insanına çevrilə bilməz. Çünki onun kökündə, onun damarlarında Azərbaycan xalqının tarixi, mədəniyyəti və dəyərləri var. Nə qədər avropalaşsaq, nə qədər müasirləşsək, texnologiyanın və internetin içində yaşasaq da, bizi azərbaycanlı olduğumuzu xatırladan bir istiqamət həmişə olacaq. Bu, bizim köklərimizdir. Ona görə də hansı nəsildən olmağımızdan asılı olmayaraq, biz bu estafeti bir-birimizə ötürərək irəliləməliyik. Qədimlikdən, ailədən, xalqdan və millətdən gələn dəyərləri bir-birimizə verməliyik. Əgər bizim dünənimizlə bu günümüz, yəni qədimliyimizlə müasirliyimiz arasında harmoniya yaranmasa, biz zəifləmiş xalq olarıq. Ona görə də hansı dövrün insanı olmağımızdan asılı olmayaraq, yaxşı cəhətləri bir-birimizdən mənimsəyərək irəli getməliyik. X nəsli öz dəyərlərini Y nəslinə verməlidir, Y nəsli Z nəslinə ötürməlidir, Z nəsli isə gələcəkdə hansı nəsil yetişəcəksə, həmin nəslə özündən əvvəlki nəsillərdən aldığı yaxşı dəyərləri çatdırmalıdır”.
Güllər Gülhüseynova