Xəzər-Qara dəniz marşrutu Azərbaycana yeni iqtisadi imkanlar yaradır
Xəzər-Qara dəniz marşrutunun Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilməsi Azərbaycan üçün yeni iqtisadi və siyasi imkanlar yaradır.
Mövzu ilə bağlı Milli Məclisin üzvü Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, bu marşrut Asiya və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi vasitəsilə Qara dənizə, oradan isə Avropaya çatdırılmasında mühüm rol oynaya bilər.
Onun sözlərinə görə, marşrutun inkişafı Azərbaycanın əlverişli coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməyə imkan verir. Bunun üçün Gürcüstan, Bolqarıstan və Rumıniya ilə əməkdaşlığın genişləndirilməsi, nəqliyyat infrastrukturunun inteqrasiyası və yükdaşımaların təhlükəsizliyinin təmin edilməsi vacibdir.
Hikmət Babaoğlu qeyd edib ki, marşrutun rəqabət qabiliyyətini artırmaq üçün vahid gömrük sistemi və tarif siyasətinin formalaşdırılması da əhəmiyyət daşıyır. Bu addımlar daşımaların daha səmərəli təşkilinə və marşrutun beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyinin güclənməsinə şərait yarada bilər.
Onun fikrincə, Azərbaycan bu istiqamətdə mühüm infrastruktur imkanlarına malikdir. Ölkədə nəqliyyat əlaqələri ilə yanaşı, Ələt limanı və azad iqtisadi zona da yaradılıb. Orta Dəhliz üzrə yükdaşımaların artacağı təqdirdə Ələt limanının imkanlarının daha da genişləndirilməsi mümkün ola bilər.
Hikmət Babaoğlu vurğulayıb ki, yükdaşımaların intensivləşməsi üçün marşrut boyunca yerləşən ölkələr arasında yeni müqavilələrin imzalanması və əlavə razılaşmaların əldə olunması da vacibdir. Onun sözlərinə görə, Azərbaycan bu sahədə uzun illər ərzində əməkdaşlıq təcrübəsi qazanıb.
Beləliklə, Xəzər–Qara dəniz marşrutunun inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, ölkənin Avropa ilə iqtisadi əlaqələrinin güclənməsinə və regionda strateji əhəmiyyətinin artmasına töhfə verə bilər.
Ada Hacızadə