Xəzərdə ciddi təhlükə yoxdur, əsas məsələ dialoqdur
Martın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Tərəflər Xəzər dənizi bölgəsində təhlükəsizlik, regional sabitlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı qlobal və regional qeyri-müəyyənlik fonunda Xəzər regionu ilə bağlı konkret addımlar barədə danışmaq olduqca çətindir:
“Dünyada baş verən proseslər o qədər sürətlə dəyişir və proqnozlaşdırılması çətin məcrada inkişaf edir ki, yaxın dövrdə hansı istiqamətdə hadisələrin inkişaf edəcəyini dəqiq demək mümkün deyil. Xəzərlə bağlı təhlükəsizlik məsələsinə gəldikdə isə burada bir sıra açıq suallar mövcuddur xəzəryanı dövlətlərin bir-birinə qarşı hansısa təhdid niyyəti varmı, yaxud kənar qüvvələrə regiondan istifadə etmək imkanı verilə bilərmi? Bu sualların hazırda konkret cavabı yoxdur. Lakin ümumi yanaşma ondan ibarətdir ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzərdə təhlükəsizliyi kənar aktorların ixtiyarına vermək niyyətində deyillər və bu da müəyyən sabitlik yaradan əsas amillərdəndir.Xəzərdə hazırda genişmiqyaslı təhlükəsizlik böhranından danışmaq üçün ciddi əsaslar yoxdur.Bəzi lokal xarakterli hadisələr baş verə bilər və bu da əsasən İranın regiondakı mövcud qarşıdurmalarda iştirakı ilə bağlıdır. Məsələn, müəyyən hərbi obyektlərin hədəfə alınması kimi epizodlar istisna deyil. Amma bu cür hadisələr bütövlükdə Xəzər regionunda sistemli və genişmiqyaslı təhlükənin formalaşdığı anlamına gəlmir. Əksinə, digər xəzəryanı dövlətlərin bu proseslərdən kənarda qalması və münaqişəyə cəlb olunmaması ümumi təhlükəsizlik mühitini qoruyan vacib faktor kimi çıxış edir”.
Politoloq vurğulayıb ki, Azərbaycan və İran arasında aparılan müzakirələr bu baxımdan preventiv xarakter daşıyır və olduqca vacibdir:
“Hazırkı mürəkkəb beynəlxalq şəraitdə dövlətlərin təhlükəsizlik məsələlərini əvvəlcədən müzakirə etməsi tam normal və zəruri addımdır. Bu, gələcəkdə yarana biləcək risklərin qarşısını almaq üçün bir növ sığorta mexanizmi rolunu oynayır. Əgər regionda sabitliyi qorumaq istəyiriksə, yalnız ikitərəfli deyil, eyni zamanda çoxtərəfli müzakirələr də davam etdirilməlidir. Hər bir dövlət üzərinə düşən məsuliyyəti aydın şəkildə bilməli və koordinasiyalı fəaliyyət göstərməlidir. Bu yanaşma yalnız Azərbaycan üçün deyil, bütün xəzəryanı ölkələr üçün həyati əhəmiyyət daşıyır.Ümumilikdə təhlükəsizliyin təmin olunmasının əsas yolu məhz diplomatik kanalların açıq saxlanılması və davamlı dialoqdan keçir.Tarix göstərir ki, dialoq qapandığı anda qeyri-müəyyənlik artır və bu da tərəflər arasında etimadsızlıq yaradır. Etimadsızlıq isə zamanla qarşılıqlı şübhələri dərinləşdirir və nəticədə gərginlik artır. Bu gün dünyada baş verən bir çox münaqişələr də məhz kommunikasiya çatışmazlığının nəticəsidir. Ona görə də Xəzər regionunda və ümumiyyətlə beynəlxalq münasibətlərdə diplomatik əlaqələrin davamlı saxlanılması vacibdir. Tərəflər mütəmadi olaraq görüşməli, fikir mübadiləsi aparmalı və mümkün riskləri əvvəlcədən qiymətləndirərək qarşısını almağa çalışmalıdırlar. Bu yanaşma həm regional sabitliyin qorunmasına, həm də daha böyük qarşıdurmaların qarşısının alınmasına xidmət edir”.
Ayşə Müzəfərli