00:00:00
Yazar
Aysel Mirzəyeva
01.03.2026 18:22 41 3 dəq oxuma
Siyasət Özəl

Xameneinin ölümü İranda siyasi gələcəyi necə dəyişəcək?

Xameneinin ölümü İranda siyasi gələcəyi necə dəyişəcək?

Ayətullah Əli Xameneinin ölümü ilə bağlı yayılan xəbərlər regionda və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Onun uzun illər ərzində formalaşdırdığı siyasi və dini təsir mexanizmi İranın idarəetmə sistemində əsas rol oynayır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Xameneinin ölümü sistemi yox, yalnız şəxsi dəyişdirə bilər:

 

“Əsas dəyişiklik yalnız sistem devrilərsə,  mümkündür. Xameneinin ölümü İranın siyasi sistemində dəyişikliklərə səbəb ola bilməz. Yəni sırf ölümə görə hansısa dəyişiklik gözləmək mümkün deyil, məntiqsiz olar. Çünki sizin də qeyd etdiyiniz kimi, vilayəti-fəqih sistemi elə bir sistemdir ki, burada şəxslər önəmli deyil. Əgər elə olsa, Xameneini, yəni İranın ilk ali dini lideri öləndə sistem dağılar və yerinə fərqli bir rejim gələr. Xamenei özü də varis kimi yenidən o şura tərəfindən seçilib ali dini lider vəzifəsinə gətirilməzdi. Deməli ki, burada bir sistem var və o sistemin işləkliyi məsələsi indi ortaya çıxmaqdadır. Bu sistem özü devrilərsə, yəni məsələn, Amerika-İsrail hərbi addımlarını, zərbələrini sona qədər davam etdirərlərsə və ordu yeridib paytaxtı götürərlərsə, mərkəzi inzibati binaları ələ keçirərlərsə, sistemin bütün əsas nümayəndələrini məhv edərlərsə, bundan sonra xalqın içindən yaxud da islahatçı qanaddan bir fiqur seçib onu ön plana çıxarmaqla bu sistemi, yəni vilayəti-fəqih sistemini ləğv edib dəyişdirərlərsə və yerinə yeni bir sistem qurarlarsa, bax o zaman artıq sondan danışmaq olar. Yoxsa Xameneidən sonra fərqli bir adam seçiləcək. Hələ ki, səhv etmirəmsə, müvəqqəti olaraq onu ali dini lider seçiblər. Amma sonradan artıq gələcək ali dini lider seçiləcək və o yenə sistemin başına keçəcək. Onun nəzarətində sistem öz funksiyasına qayıdacaq”.

 

Həmçinin şərhçi qeyd edib ki,  indi də bu qarşıdurma zamanı görürük ki, sistem daxilində hamı öz mövqeyindədir:


“İran cavab olaraq zərbələr endirir, İsrailə zərbələr vurur. Ona görə də indi bu sistemin özünü məhv etmək istənilə bilər. Şəxslərdən kim ölür-ölsün, yerinə başqası gələcək. Onlar öləcək, yenə başqası keçəcək, ta ki, sistem özünü məhv edənə kimi. İranda ali liderin seçilməsi ayətullahların, yəni önəmli din xadimlərinin toplandığı şura vasitəsilə  həyata keçirilir. Bu proses Ekspertlər Şurası adlanır. Həmin şura toplaşaraq yeni ali dini lideri seçir. Orada bir neçə namizəd olur və həmin din xadimləri uyğun bildikləri şəxsi İranın başına gətirirlər. Bu hadisə İranın xarici siyasətində daha radikal və daha sərt xəttə keçidə səbəb ola bilər. Çünki Xameneinin dövründə, ona qarşı birbaşa belə addımlar atılmayana qədər diplomatiya üçün müəyyən yer qalırdı. İndi isə liderin öldürülməsi və ya sistemə ağır zərbələr endirilməsi vəziyyəti dəyişə bilər. Yeni gələn qüvvələr daha sərt mövqe tuta bilər. İslahatçı qanadı təmsil edən prezident Məsud Pezeşkian da bu barədə açıq mövqe bildirib. Bunun qarşısını almağın yolu isə yalnız sistemin tam dəyişdirilməsi ola bilər. Amma bu nə qədər realdır? İran daxilində əməliyyatlar aparmaq, Tehranı zəbt etmək, ordu yeritmək həm İran, həm də İsrail üçün ciddi xaos demək olar. İranın zəif olduğu iki əsas məsələ var: birincisi kəşfiyyat sahəsi, ikincisi isə hava üstünlüyünün ABŞ və İsrail tərəfində olmasıdır. Buna görə də onlar hava zərbələri ilə ciddi problemlər yarada bilirlər. İran uzaqmənzilli raketlərlə cavab versə də, bu, qarşı tərəfin etdiyi qədər kəsərli deyil. İranda rejim əleyhinə milyonlarla insan var, eyni zamanda milyonlarla insan da rejimi dəstəkləyir. ABŞ və İsrailin zərbələri, Xameneinin öldürülməsi və digər hadisələr bir tərəfdən rejimə qarşı olanların bir hissəsini milli təhlükə fonunda hakimiyyət ətrafında birləşdirə bilər. Digər tərəfdən isə bu hadisələr etirazçılar üçün stimul rolunu oynaya bilər. Əgər etirazlar yenidən genişlənərsə, bu, ölkədə ciddi daxili qarşıdurmaya, hətta vətəndaş müharibəsi riskinə gətirib çıxara bilər və rejim bəzi ərazilər üzərində nəzarətini itirə bilər”.


Arzu Poladova

#azərbaycan #xəbər #gündəm #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər