Xameneinin ölümü sonrası İran hakimiyyəti
İranda ali dini lideri Seyid Əli Xamenei ABŞ və İsrailin hava zərbələri nəticəsində Tehrandakı iqamətgahında öldürülüb. Bu hadisə ölkədə əsas səlahiyyət sahibi sayılan posta kimin seçiləcəyi ilə bağlı müzakirələr yaradıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, İran dövləti dini dəyərlərlə idarə olunan dövlətdir:
“Dövlət strukturu mürəkkəb quruluşa malikdir. Həm dini lider, həm də prezident idarəetmə institutu mövcuddur.İranda vahid dövlət kursu var. Istər xarici siyasətdə, istərsə də daxili siyasətdə, kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu siyasi kurs həyata keçirilir. Sistem mərkəzləşdirilib. İran dövlətinin dövlət strukturunu sarsıtmaq real deyil.
ABŞ-də strateji məqsəd İranda hakimiyyəti dəyişib özlərinə münasib bir hakimiyyət qurmaqdır. Uzun müddətdir ki, bu siyasət və strategiya həyata keçirilir. ABŞ-də kimin hakimiyyətdə olmasından asılı olmayaraq, istər Respublikaçılar Partiyası, istərsə də Demokratlar Partiyası hakimiyyətdə olsun. Bu strategiyanı həyata keçirmək üçün müxtəlif taktiki gedişlər edilir.
Uzun müddətdir ki, İran sanksiyalara məruz qoyulub - iqtisadi böhran yaratmaq, inqilabi situasiya formalaşdırmaq və xalqla dövlət arasında uçurum yaratmaq, nəticədə dövləti bu yolla ələ keçirmək ssenarisi həyata keçirilmək istənilib. ABŞ-nin bu proqramı baş tutmayıb və nəticədə hərbi əməliyyatlar həyata keçirmək üçün müxtəlif bəhanələr ortaya atılır.
Aparılan hərbi əməliyyatlar nəticəsində İranın dini lideri qətlə yetirilib. İranda müəyyən xaos yaratmaq istənilir. Lakin buna baxmayaraq, İranın kifayət qədər strukturlaşdırılan dövlət institutları var və onlar öz funksiyalarını yerinə yetirməkdədirlər. İranda əvvəlcədən proqramlaşdırılan bir sistem mövcuddur ki, dövlət qurumlarından hər hansı bir rəhbər qətlə yetirilərsə, onu əvəz edəcək əvvəlcədən planlaşdırılan alternativ kadrlar var.
Hərbi əməliyyatlar başlamazdan əvvəl də İranın Ali Dini Şurasının toplantısı olub ki, lider qətlə yetirilərsə, onu kimin əvəz edəcəyi müəyyənləşdirilsin. Təbii ki, bu sistem öz funksiyasını yerinə yetirir. Bu günlərdə də həmin sistem işlək vəziyyətdədir. Ayrı-ayrı hərbi generalların və digər dini xadimlərin qətlə yetirilməsindən sonra dərhal onları əvəz edən kadrlar sistemi idarə edirlər”.
Əlavə olaraq politoloq bildirib ki, İranda aparılan indiki hərbi əməliyyatlar nəticəsində hansısa dövlət çevrilişi və ya dövlətin amerikapərəst qüvvələr vasitəsilə ələ keçirilməsi real deyil:
“Amerikalılar bu cür strateji obyektləri vurmaqla, dini liderləri və dövlət xadimlərini qətlə yetirməklə, dinc uşaqları öldürməklə qorxu və xof yaratmaq istəyirlər.
Bu metodlarla İranı sarsıtmaq niyyətindədirlər. İran ideoloji dövlətdir və kifayət qədər strukturlaşdırılan dövlət mexanizmlərinə malikdir. Bu mexanizmlər öz funksiyasını yerinə yetirəcək. ABŞ bu cür hərbi əməliyyatlar keçirməklə İranı öz nəzarətinə keçirə bilməyəcək. Əksinə, körpülər yandırılacaq və İran özünə yeni müttəfiqlər tapacaq, mövcud müttəfiqlərlə əməkdaşlığını daha da genişləndirəcək.
İranın müttəfiqləri olan Çin və Rusiya yaxşı bilirlər ki, İranda hakimiyyət dəyişərsə, İran həm Çinə, həm də Rusiyaya qarşı istifadə oluna bilər. Bu baxımdan, İran-Rusiya-Çin müttəfiqliyi yenidən formalaşa bilər.
Dini liderin seçilməsinə gəlincə, təbii ki, Ali Dini Şura bu qərarı qəbul edəcək. Görünür, kimin hakimiyyətə gələcəyi artıq məlumdur. Dini liderin sağlığında bu qərar qəbul edilib. Alternativlər həmişə mövcuddur ki, idarəetmə mexanizmi qüvvədə qalsın.
ABŞ və İsrail demək olar ki, körpüləri yandırmaqdadır. Amerikanın strategiyası İranı öz nəzarətinə keçirmək və ondan üç istiqamətdə istifadə etməkdir: Çinə qarşı, Türkiyəyə qarşı və Rusiyaya qarşı. Bu strategiyaların həyata keçirilməsi üçün müxtəlif bəhanələr axtarılır. Bu proqramın nə dərəcədə reallaşacağını zaman göstərəcək. Hesab edirəm ki, yeni qurulacaq idarəetmədə gələcək liderlər öz müttəfiqləri ilə əməkdaşlığı daha da genişləndirəcəklər”.
Səadət Əlizadə